Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi” modul təlimlərinin üçüncü sessiyası keçirilib. Təlimdə MDU-nun Fizika və ekologiya kafedrasının bir qrup müəllimi, Mühəndislik fakültəsinin tələbə və magistrantları iştirak edib.
“Tullantı suları ilə su obyektlərinə axıdılan zərərli maddələrin buraxıla bilən axıntı həddinin (BBAH), müəssisələr üçün atmosferə atıla bilən tullantı həddinin (ABTH) tərtib olunması” mövzusunda təlimdə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Mingəçevir Regional Sınaq və Diaqnostika Mərkəzinin Kimya laboratoriyasının əməkdaşı Cavid Abbasov çıxış edib.
Cavid Abbasov çıxışında tullantı sularının su obyektlərinə axıdılmasının ətraf mühitə zərərli təsirləri və atmosferə atılan tullantı maddələrinin həddi ilə bağlı məlumatlar verib. Təlimin əsas məqsədi iştirakçılara ətraf mühitin qorunması sahəsində qabaqlayıcı tədbirlər və tullantıların düzgün idarə olunması barədə maarifləndirməkdir.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində universitetdə müxtəlif ekoloji tədbirlər keçirilməyə davam edir.