MDU-da keyfiyyətin təminatı üzrə növbəti təlim TKT və N mərkəzinin əməkdaşları tərəfindən keçirilmişdir

MDU-da keyfiyyətin təminatı üzrə növbəti təlim TKT və N mərkəzinin

əməkdaşları tərəfindən keçirilmişdir

12 aprel 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetinin Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin işçi heyəti və universitetin akademik və inzibati heyətinin növbəti iclası keçirilib. Layihə üzrə təlimlərdə iştirak etmiş, layihənin üzvü Üzeyir Zeynalov sözügedən layihə çərçivəsində bir il müddətində həyata keçirilən işlər və Avropa universitetlərindəki təlimlər haqqında məlumat verib.

Daha sonra Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru Səbinə Quliyeva “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və İnkişafı” (EQAC) layihəsinə uyğun olaraq universitetdə bu istiqamətdə bir sıra işlərin görüldüyünü bildirib və onların nəticələrini iclas iştirakçılarının nəzərinə çatdırıb.

İclasda həmçinin tələbə müəllim sorğularının universitet idarəçiliyi üçün əhəmiyyətindən də danışılıb. Akademik-inzibati heyətin suallarla bağlı rəyləri dinlənilib. İclas iştirakçılarına Azərbaycan Respunlikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli qərarı ilə “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) təsdiq edilməsi barədə və onun həyata keçirilməsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, AzMKÇ təhsilin bütün pillələri və səviyyələri üzrə təhsilalanların bilik, bacarıq və səriştələrini müəyyənləşdirən və təsvir edən çərçivə sənədidir. Bu sənəd ölkə daxilində kvalifikasiyaları beynəlxalq təcrübəyə uyğun sistemləşdirir, beynəlxalq mobilliyi və milli kvalifikasiyaların xaricdə tanınmasını asanlaşdırır, ixtisasların və diplomların tanınmasına imkan yaratmaqla Azərbaycan vətəndaşlarının xaricdə təhsilinə və işləməsinə əlverişli şərait yaradır. AzMKÇ əmək bazarı ilə təhsil sistemi arasında əlaqələri gücləndirir, qeyri-formal və informal təhsil vasitəsilə əldə olunmuş səriştələrin tanınması sisteminin yaradılmasını təşviq edir.

O da vurğulanıb ki, sənədə əlavədə hər bir səviyyənin təsviri, yəni hər bir səviyyə üzrə tələb olunan biliklər, bacarıqlar, müstəqillik və məsuliyyət dairəsi müəyyənləşdirilib. Sənəddə əsas məqamlardan biri təhsilin keyfiyyətinin təmin olunmasıdır. Bununla əlaqədar kvalifikasiyaların müvafiq dövlət təhsil standartlarına əsaslanması, hər bir təhsil müəssisəsində keyfiyyətin daxili təminatı və qiymətləndirilməsi sisteminin yaradılması təsbit olunub.

Çıxışının sonunda S.Quliyeva keyfiyyətin yüksəldilməsində hər kəsin məsuliyyətlə işləməsinin vacibliyini vurğulayıb və iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Dosent Emiliya Hüseynova, tex.f.d. Möhübbət Əhmədov, baş müəllimlər Qəzənfər Əliyev, İlhamə İsmayılova, Sabir Babuşov, Arif Tağıyev, müəllim Sevinc Süleymanova, TGT sədri Samrin Xanlayev, tyutor Məryəm Əsədova çıxış edərək təkliflərini irəli sürüblər.  

Qeyd etmək lazımdır ki, layihəyə uyğun olaraq Mingəçevir Dövlət Univertsitetində Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzi yaradılmış və bir sıra Avropa universitetlərinin təşkil etdiyi təlimlərdən əldə edilən təcrübəyə əsaslanaraq mərkəz fəaliyyətini həyata keçirir.

{phocagallery view=category|categoryid=134|limitstart=0|limitcount=0}