MDU-da nəcib ziyali, layiqli vətəndaş, sevimli müəllim, müdrik el ağsaqqali Mirzə Gümayevin 80 illik yubileyi qeyd olunub

  • Рубрика записиXəbərlər (AZ)

MDU-da nəcib ziyali, layiqli vətəndaş, sevimli müəllim, müdrik el ağsaqqali

Mirzə Gümayevin 80 illik yubileyi qeyd olunub

1 iyul 2019-cu il tarixdə Mingəçevir Dövlət Universitetində “Mexanika” kafedrasının baş müəllimi Mirzə Həsən oğlu Gumayevin anadan olmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açıb. Mirzə Gumayevin keçdiyi həyat yoluna və Mingəçevirdə mütəxəssis və müəllim kimi fəaliyyətindən söz açıb.    

Qeyd edib ki, hər bir xalq özünün görkəmli, istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini daim əziz saxlayır. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən, mübariz ziyalılardan biri də (55 illik əmək fəliyyətinin) 51 ildən artıq pedaqoji fəaliyyəti olan, yüzlərlə mütəxəssis – mühəndis yetişdirən, 80 yaşını haqlayan mühəndis-pedaqoq, Mingəçevir Dövlət Universitetinin baş müəllimi Gumayev Mirzə Həsən oğludur.

Akif Hacıyev bildirib ki, insanın özünüdərki, subyektin bəşəriyyət və cəmiyyət adlı obyekt qarşısındakı məsuliyyətinin, vəzifə borcunun dərki ən vacib həyat şərtlərindən biridir. Mirzə müəllimi uzun müddət tanıdığımdan, əminliklə bildirirəm ki, o bir ziyalı kimi özünü dərk edənlərdəndir! Onun şəxsiyyətində humanistlik, sədaqət, pak mənəviyyat, fədakarlıq, təvazökarlıq, xeyirxahlıq və s. bu kimi ziyalıya məxsus ali mənəvi keyfiyyətlər, pedaqoqa layiq əxlaqi normalar vəhdət şəklində öz əksini tapıb. Mirzə Gumayevin zəngin həyat yolu, elmi-pedaqoji fəaliyyəti hər bir azərbaycanlıda, xüsusən də onun çalışdığı kollektivdə, yetişdirdiyi mühəndislər sferasında, dərs dediyi tələbə mühitində fərəh hissi doğura bilər.

Sonra Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev Mirzə Gumayevi yubileyi münasibətilə təbrik edib. Qeyd edib ki, Mirzə Gümayev gözəl pedaqoq və sevimli müəllimdir. Mirzə müəllim öz tələbələrinə təkcə elm öyrətməmiş, bir ata kimi onlara qayğı və xeyirxah münasibət göstərmiş, onların peşəkar ixtisasçı kimi yetişməsi üçün bütün imkanlardan istifadə etmişdir. Mirzə Gümayev istedadlı gənclərin hamisidir. O, təkcə öz tələbələrinin deyil, bir çox digər peşə sahiblərinin bir pedaqoq, alim, rəhbər işçi kimi formalaşmasında əvəsiz xidmət göstərmişdir.

Vüqar Mustafayev bildirib ki, Mirzə müəllim 51 ildir ki, həm mühəndis, həm də pedaqoqdur. Yüzlərlə tələbələrə dərs deyib, əxlaqı, mənəviyyatı, yüksək peşəkarlığı ilə onların ürəklərinə yol tapıb. Bu tələbələr yüksək ixtisas sahibi, peşəkar mühəndis kimi bütün Azərbaycana, dünyamızın digər ölkələrinə səpələniblər… İşləyirlər, xeyir verirlər və onların hər birinin qəlbində ağıllı, mehriban, qayğıkeş bir dost, müəllimin isti yeri var!

Vüqar Mustafayev qeyd edib ki, Mirzə müəllimin qələmindən çıxmış hər bir əsər, istər monoqrafiya və dərslikləri, istərsə də ən kiçik həcmli məqalələri elm aləmində öz mötəbərliyi ilə fərqlənir. Mirzə müəllimin müxtəlif beynəlxalq konfransların materiallarında məqalələri çap edilmişdir. Görkəmli pedaqoqun Azərbaycanın populyar jurnallarında və qəzetlərində də elmi əsərləri çap olunmuşdur… Ümumiyyətlə götürdükdə, bu tanınmış və məhsuldar müəllimin 70-dək elmi məqaləsi, 3 metodiki işi, ali texniki məktəblərdə təhsil alan bakalavr və magistrlər üçün metodiki göstərişləri, Təhsil Nazirliyinin qrifi və univerisitetin elmi şurasının qərarı ilə nəşrinə tövsiyə olunmuş 2 dərs vəsaiti və 3 dərsliyi nəşr olunmuş, 1 dərs vəsaitinin elmi redaktoru olmuş¸ elmi ictimaiyyət və tələbələr tərəfindən xüsusi maraqla qarşılanmış və qiymətləndirilmişdir.

Vüqar Mustafayev bildirib ki, şüurlu həyatını, mühəndis-pedaqoq ömrünün şəfəqlərini Azərbaycan xalqının maariflənməsinə, elminin inkişafına, mənəviyyatının qorunmasına həsr etmiş bu cəfakeş mühəndisin, pedaqoqun – Mirzə Gumayevin 80 illik ömür yolu bu gün və gələcək nəsillər üçün əsl həyat məktəbidir. Belə görkəmli şəxsiyyətləri, mühəndis-pedaqoqları yaşatmaqla, əslində, biz özümüz saflaşırıq, zənginləşirik, indiki və gələcək nəsillərin tərbiyəsində böyük işlər görmüş oluruq… Ömrünüzün şəfəqləri həmişə bol olsun, Mirzə müəllim!!..

Sonda Vüqar Mustafayev bir daha Mirzə müəəlimi təbrik edərək vurğulayıb ki, əziz Mirzə müəllim, yubiley gününüzü təbrik edir, sizə can sağlığı, daha böyük elmi nailiyyətlər arzu edirik. Biz – Sizin yetirmələriniz Sizi sevir, Sizinlə fəxr edirik. Siz bizim mənəvi atamız, idealımızsınız! Və Mirzə Gumayev tər çiçək və güllərdən ibarət buketi təqdim edib.

Öz növbəsində Mirzə Gumayev rektor Akif Hacıyevə, fakültə dekanı Vüqar Mustafayevə və tədbirdə iştirak edən hər bir kəsə dərin minnətdarlığını bildirib.

{phocagallery view=category|categoryid=170|limitstart=0|limitcount=0}