MDU-da natiqlik təlimlərini uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub

2022-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə keçirilən “Həyatda və karyerada nitqinlə fərqlən!” adlı beş moduldan ibarət natiqlik təlimlərini uğurla başa vuran tələbələrlə görüş keçirilib.

Görüşdə təlim proqramını müvəffəqiyyətlə tamamlayan tələbələri təbrik edən MDU-nun rektoru Şahin Bayramov karyera inkişafında nitq mədəniyyətinin önəmini diqqətə çatdırıb, gənclərdə natiqlik bacarıqlarının artırılmasına hədəflənən bu modulların təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

Təlimlərlə bağlı təəssüratlarını bölüşən tələbələr yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub və təlimçi, MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsibli təşəkkürnamə ilə təltif edilib.

Bildirilib ki, cari ilin fevral-mart aylarında keçirilən təlimlər “İşgüzar və akademik sferada nitqin sənin imicindir”, “Səhnədə nitq zamanı həyəcan və qorxunun dəf edilməsi”, “Danışma və dinləmə mədəniyyəti”, “Ünsiyyət zamanı nitq etiketlərindən istifadə”, “Verbal və qeyri-verbal kommunikasiya vasitələri”, “Nitqin effektivliyinə təsir edən səbəblər və nitq texnikasının komponentleri”, “Kommunikasiya prosesində imicin rolu”, Yazılı kommunikasiya zamanı orfaqrafiya qaydalarından düzgün istifadənin əhəmiyyəti”, “Yazılı nitqdə durğu işarələrinin məqama uyğun işlədilməsi”, “Mədəni nitqə verilən başlıca tələblər” və “Peşəkar ünsiyyət qurma və özünü təqdimetmə bacarıqları” mövzularını əhatə edib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və magistrantların hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, onların əlavə bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.