MDU-da təhsil siyasətinin prioritetləri müzakirə olunub

  • Рубрика записиXəbərlər (AZ)

MDU-da təhsil siyasətinin prioritetləri müzakirə olunub

Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsi tədbirlər planına uyğun olaraq “Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar” mövzusunda elmi konfrans keçirib. Konfransı giriş sözü ilə rektor Akif Hacıyev açıb. Qeyd edib ki, “Təhsil millətin gələcəyidir” – deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş,  fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Akif Hacıyev bildirib ki, Heydər Əliyev yolunun layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olmuşdur. 

Rektor qeyd edib ki, yaxın perspektivdə Azərbaycanda təhsilin inkişafını hədəfə alan Dövlət Strategiyasında əks olunduğu kimi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır. Akif Hacıyev vurğulayıb ki, reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaratmışdır. Azərbaycan artıq yeni dövrə – modernləşdirmə dövrünə qədəm qoymuşdur. Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından,  bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir. Güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəfin gerçəkləşməsi isə xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı vəzifə ilə sıx bağlıdır.

Sonra plenar iclasda məruzələr dinlənildi. Pedaqoji fakültənin dekanı, dosent Nizami Zeynalov “Pedaqoji kadr hazırlığının aktual problemləri”, Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Ali peşə təhsilinin keyfiyyətinin yüksəldilməsində humanitar fənlərin öyrənilməsinin aktual problemləri”, Xarici dillər kafedrasının müdiri, dosent Zenfira Əzizova “Xarici dillərin tədrisinin aktual problemləri”, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Sahib Məmmədov “Məktəbəqədər və ibtidai təhsildə reallıqlar və perspektivlər”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Səbinə Quliyeva “Təhsildə və elmdə innovasiyalar” mövzusunda çıxış ediblər. Məruzəçilər bildirib ki, hazırda dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən yaradıcılıqla istifadə olunmaqla respublikamızda təhsil sistemi müasir dövrün tələblərinə uyğun olaraq bacarıqla təkmilləşdirilir, sistemli şəkildə məzmun və struktur dəyişiklikləri aparılır, insanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması üçün zəruri tədbirlər görülür.

Natiqlər qeyd ediblər ki, müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Bir faktı da qeyd edək ki, ölkədə təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaratmışdır.

Məruzəçilər vurğulayıb ki, Azərbaycanda təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi ümummilli məsələyə çevrilmişdir. Bu, ilk növbədə dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünki xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyasının yeganə yolu məhz təhsilin inkişafından asılıdır.

Plenar iclasın sonunda Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev məzmunlu və aktual çıxışlarına görə məruzəçılərə təşəkkürünü bildirib.

Nahar fasiləsindən sonra bölmə iclaslarına start verilib. “Təhsil siyasəti” bölməsi elmi kitabxanada, “Tədris problemləri” bölməsi isə akt zalında işini davam etdirib. Qeyd edək ki, iki gün davam edən konfransda Mingəçevir Dövlət Universiteti ilə yanaşı Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Gəncə Dövlət Universitetinin alim və tədqiqatçılarının, Mingəçevir ümumtəhsil məktəblərinin nümayəndələrinin 50-yə yaxın tezisləri bölmə iclaslarında məruzə edilib.  

{phocagallery view=category|categoryid=20|limitstart=0|limitcount=0}