28-29 noyabr 2024-cü il tarixlərdə Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilən “Şərq, Mərkəzi Asiya və Asiyada qonşuluğu ölkələrində təhsil və innovasiya vasitəsilə ikili yaşıl və rəqəmsal keçidlərin təşviq edilməsi” (Fostering Dual Green and Digital Transitions through Education and Innovation in the Neighbourhood East, Central Asia, and Asia)” Green Tech Horizon – layihəsinin Qazaxıstanın Almatı şəhərində açılış mərasimi (Kick-off Meeting) keçirilib.
Əl-Farabi Qazax Milli Universitetində təşkil olunan görüşdə 8 ölkədən – Serbiya, Latviya, Litva, Polşa, Xorvatiya, Azərbaycan, Qazaxıstan və Monqolustandan 24 tərəfdaş universitet, tədqiqat institutu və müəssisədən 40-dək mütəxəssisin iştirakı ilə layihənin davam edəcəyi 3 il ərzində yerinə yetiriləcək fəaliyyətlə bağlı müzakirələr aparılıb. Görüşdə universitetin Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru, layihə meneceri Samirə Əhmədova iştirak etmişdir.
Layihənin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Monqolustandan olan 8 ali təhsil müəssisəsində mövcud kurikulumları modernləşdirməklə innovativ səriştəyönümlü təlim ekosisteminin dizayn edilməsi, səriştəyönümlü kurikulum modelinin inkişafı və sınaqdan keçirilməsi və bu modelə uyğunlaşdırılmış e-təlim kursları da daxil olmaqla e-Learning ekosistemi yaratmaqdan ibarətdir.
Layihənin koordinatoru, Serbiyanın Novi Sad Universitetinin professoru Danijella Ciric Lalic və digər məsul şəxslər layihənin komponetləri barədə geniş məruzələrlə çıxış edib, fəaliyyətin planlaşdırılması və təşkil edilməsi barədə layihə konsorsiumun üzvləri ilə razılığa gəlinib, tərəfdaşların yerinə yetirəcəyi fəaliyyət növləri müəyyən edilib.