Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci Tədris ilinin Payız semestrinin imtahan sessiyası davam edir

  • Рубрика записиMDU xəbərləri

Artıq bir neçə həftədir ki, Respublikamızın ali məktəblərində, eləcə də Mingəçevir Dövlət Universitetində 2024-2025-ci ilin payız semestrinin imtahan sessiyası davam edir. Geniş ictimaiyyətin də diqqət və maraqla izlədiyi payız semestrinin imtahan sessiyasının yüksək səviyyədə təşkili və obyektiv keçirilməsi üçün MDU-nun rəhbərliyi tərəfindən bir çox məqsədyönlü tədbirlər həyata keçirilib.

Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun əmri ilə 2024-2025-ci tədris ilinin payız imtahan sessiyasının keçirilməsi ilə əlaqədar

” Açıq qapı günləri” elan edilib. İmtahan sessiyasının şəffaf və ədalətli keçirilməsinin şahidi olmaq və sessiyanın gedişini izləmək istəyən bütün valideynlər, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri “Açıq qapı günləri”ndə iştirak edə bilərlər.

 Universitetdə tədrisin keyfiyyətinin mövcud vəziyyətinin öyrənilməsi və akkreditasiyaya hazırlıq məqsədi ilə yaradılmış Monitorinq qrupunun üzvləri bu gün universitetin İqtisadiyyat və idarəetmə fakültəsində olmuş, Mt-23 saylı qrupda ” Maliyyə hesabatlılığı” fənnindən, İ22.1 saylı qrupda ” Ekonometrika” fənnindən yazılı imtahanları müşahidə etmişlər.

Saat 08:45-də universitet üzrə imtahan keçiriləcək bütün qruplarda qeyri-ixtisas müəllimlərindən koordinator təyin edilmişdir. Hər qrupa təyin olunmuş 2 nəfər müəllim-koordinator imtahanların gedişini izləyir, imtahanların şəffaf və ədalətli keçməsinə nəzarət edirlər. Tələbələrin köçürmə hallarına yol verməmək üçün koordinatorlara ciddi şəkildə tapşırıq verilib. Belə hallar müşahidə olunarsa, tələbə imtahandan uzaqlaşdırılır, onun imtahan işi yoxlanılmadan ” qeyri-kafi” qiymətləndirilir.

Qeyd edək ki, keçən illərdən fərqli olaraq bu il belə hallara təsadüf olunmur. Tələbələr imtahanın təşkilindən, onun obyektivliyindən, şəffaf aparılmasından razılıq edirlər. Monitorinq qrupunun müşahidə etdiyi Mt23 saylı qrupda imtahan verən, ikinci kurs tələbəsi, torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsinin qazisi Fərman Veysli və onun tələbə dostları imtahanın şəffaf, ədalətli, obyektiv aparılmasından razılıqlarını bildirdilər.

Yazılı imtahan 2 saat davam etdi. Yazı işləri İmtahan Qərargahına təhvil verildi, Qərargahda kodlaşdırıldı, fənn müəllimi Arif Kələşov tərəfindən yoxlanıldı. İmtahanın nəticəsi protokollaşdırıldı, müəllimlər tərəfindən imzalandı, qiymət cədvəli dolduruldu.  İmtahanın nəticəsi fənn müəllimi tərəfindən qrupun onlayn jurnalına yerləşdirildi. Tələbə və onun valideyni universitetə gəlmədən internet vasitəsilə öz qiymətini öyrənə bilər. İmtahanın gedişindən hamı razı qaldı.  

Monitorinq qrupunun müşahidə apardığı bu imtahanlarda da Apelyasiya komissiyasına müraciət edən olmadı.

MDU-da payız semestrinin imtahan sessiyası uğurla davam edir.