Вы сейчас просматриваете MDU İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq edəcək

MDU İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq edəcək

“Azərbaycan müəllimi”, 20.05.2022

Qəzetin PDF versiyası

Elmi potensialın gücləndirilməsi məqsədilə tərəflər arasında müvafiq istiqamətlər üzrə birgə fəaliyyət reallaşdırılacaq

Mayın 17-də AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Davamlı inkişafın milli prioritetləri və müasir transformasiya siyasətinin reallıqları” mövzusunda elmi konfrans keçirilib. Konfransda AMEA İqtisadiyyat İnstitutunun bir qrup alimi, universitetin professor-müəllim heyəti üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov aktual mövzuya həsr edilmiş elmi tədbirin təşkilində əməyi olan hər kəsə, o cümlədən göstərdikləri dəstəyə görə AMEA İqtisadiyyat İnstitutunun və Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin qətiyyətli siyasəti və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərdən sonra bölgədə yeni geosiyasi reallıqların yarandığını qeyd edən Ş.Bayramov postkonflikt dövrünün yeni imkanlar formalaşdırması ilə yanaşı, mühüm çağırışlar da doğurduğunu diqqətə çatdırıb.

Müasir dövrün prioritetləri kontekstində ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələrdən danışan rektor Azərbaycanın dayanıqlı və innovativ inkişafı, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və digər aktual mövzularda aparılan tədqiqatların nəticələrinin təqdim ediləcəyi birgə elmi konfransın bu istiqamətdə görülən işlərə töhfə məqsədi daşıdığını vurğulayıb. Ş.Bayramov proqrama daxil olan məruzələr ətrafında maraqlı elmi müzakirələrin aparılacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

MDU-nun kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən AMEA İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov konfransa dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Paytaxdan kənarda, regionlarda elmi mühitin formalaşmasının mühüm əhəmiyyətindən danışan N.İmanov bu baxımdan birgə konfransın keçirilməsi ilə bağlı MDU-nun təşəbbüsünü yüksək qiymətləndirib və elmi-tədqiqat institutu olaraq əməkdaşlığa daim açıq olduqlarını qeyd edib.

Səbatlı, dayanıqlı və davamlı inkişafın təmin olunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdıran N.İmanov konfransın mövzusunun aktuallığından söhbət açıb. Hazırda ölkə başçısının davamlı inkişaf sahəsində müəyyən etdiyi prioritetlərlə bağlı tədqiqatların aparılmasının elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi fəaliyyətin başlıca istiqamətlərini təşkil etdiyini vurğulayan institutun baş direktoru son dövrdə MDU-da belə mövzulara xüsusi önəm verilməsini təqdirəlayiq hesab edib.

Doğma Qarabağın dirçəlişindən və uzunmüddətli perspektivdə onun müqayisəli üstünlüklərinin artırılmasından bəhs edən N.İmanov bununla bağlı elmi cəhətdən əsaslandırılmış strateji baxışların ortaya çıxarılması məqsədilə rəhbərlik etdiyi institutda aparılan elmi tədqiqatların vəziyyəti barədə məlumat verib. Bu istiqamətdə elmi potensialın inkişaf etdirilməsində müxtəlif formatda keçirilən elmi tədbirlərin əhəmiyyətindən danışan N.İmanov konfransın davamlı olmasını arzulayıb.

AMEA İqtisadiyyat İnstitutu və MDU arasında əməkdaşlıq çərçivəsində Mingəçevirdə belə bir elmi konfransın təşkilindən məmnunluq hissi keçirdiyini bildirən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hər iki qurumun rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.

Konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıran İ.İsmayılov bu gün Azərbaycanın uğurlu davamlı inkişaf modelinin əsasında Ümummilli Lider, müstəqil dövlətçiliyimizin memarı Heydər Əliyevin uzaqgörən siyasəti və ideyalarının, onun titanik fəaliyyətinin nəticələrinin dayandığını qeyd edib.

Möhtərəm Prezident İlham Əliyevin düşünülmüş, ardıcıl və sistemli siyasəti sayəsində ölkəmizin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu, möhtəşəm qələbələrə və nailiyyətlərə imza atdığını vurğulayan icra başçısı müasir dövrün çağırışlarının elmi əsaslarla təhlili və həllində elm ictimaiyyətinin, alimlərin üzərinə böyük vəzifələr düşdüyünü deyib. Tarixi Zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə sürətli, irimiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsinin dövlətin qüdrətinin göstəricisi olduğunu bildirən İ.İsmayılov proqramda bununla bağlı mövzulara geniş yer ayrılmasını müsbət dəyərləndirib, konfrans iştirakçılarına və məruzəçilərə uğurlar arzulayıb.

Sonra konfransda elmi məruzələr dinlənilib. AMEA İqtisadiyyat İnstitutundan Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Post-konflikt ərazilərin bərpası və yenidən qurulmasının maliyyələşməsində dövlət-özəl əməkdaşlığı”, Xidmət sektorunun iqtisadiyyatı şöbəsinin müdiri, professor Müşviq Atakişiyev “Dördüncü sənaye inqilabı kontekstində Azərbaycan sənayesinin inkişaf prioritetləri” və icraçı direktor vəzifəsini icra edən, dosent Allahyar Muradov “Azərbaycanın innovativ iqtisadi inkişafının mühit çərçivəsi: real vəziyyət və perspektivlər” mövzularında çıxış ediblər. MDU əməkdaşlarından isə Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova “Dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya”, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli “Müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığında regional universitetlərin rolu”, İqtisadiyyat kafedrasının baş müəllimi Arif Tağıyev “İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində dövlətin regional siyasətinin yeni prioritetləri” və İqtisadiyyat kafedrasının müəllimi Vüqar Məmmədli “Milli Prioritetlərin reallaşdırılmasının maliyyə təminatının əsas mənbələri” mövzularında məruzələrini diqqətə çatdırıblar.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Konfrans çərçivəsində AMEA-nın İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum elmi potensialın gücləndirilməsi məqsədilə tərəflər arasında müvafiq istiqamətlər üzrə birgə fəaliyyətlərin reallaşdırılmasını özündə ehtiva edir. Memorandumda elmi kadrların hərtərəfli inkişafı, gənc doktorant və tədqiqatçıların elmi biliklərinin artırılması, birgə tədqiqatların aparılması və birgə nəşrlərin hazırlanması, magistrantların elmi-pedaqoji təcrübəsi üçün lazımi şəraitin yaradılması, müvafiq sahələr üzrə elmi-tədqiqat istiqamətlərinin birlikdə müəyyən edilməsi, ortaq konfransların, seminarların və “dəyirmi masa”ların keçirilməsi, ustad dərslərinin təşkili, müvafiq layihə və proqramlarda birgə iştirakın təmin edilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi xüsusi qeyd edilib.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, davamlı və dayanıqlı inkişafın müxtəlif aspektlərinə dair nəticəyönümlü elmi araşdırmaların aparılmasına, yerli və xarici tərəfdaşlarla birgə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu kontekstdə, 2021-ci ildə MDU-nun tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı təsis olunub. Eləcə də, universitetdə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı ilk beynəlxalq konfrans keçirilib, “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar” Tədqiqat Mərkəzinin yaradılması ilə bağlı Elmi Şura tərəfindən qərar qəbul olunub.