Mingəçevir Dövlət Universitetinin tələbələri Yevlaxda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Regional Şöbəsində səfərdə olublar

17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının fəaliyyət planına uyğun olaraq, 050632-Nəqliyyat mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr və professor-müəllim heyətinin bir qrupu Yevlax şəhərində yerləşən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi  Yevlax Regional Şöbəsinə səfər edib. Səfər çərçivəsində universitetin nümayəndələri müəssisə rəhbərliyi ilə görüşüblər.
Görüşdə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi  Yevlax Regional Şöbəsinin müdiri əvəzi  Elvin Zakirov, AYNA Yevlax Regional Şöbəsinin mütəxəssisi Habil İsmayılzadə, Mexanika kafedrasının müdiri, dos. Mahir İsmayılov və kafedranın müəllimi, İstehsalat Təcrübə rəhbəri Əli Qurbanov,  həmçinin MDU-nun  Nəqliyyat mühəndisliyi ixtisası üzrə buraxılış qrupların istehsalat təcrübəsində olan tələbələri iştirak ediblər.
İşgüzar qaydada təşkil edilən görüşdə Nəqliyyat mühəndisliyi ixtisası üzrə  mühəndislik fənlərinin tədrisinin əhəmiyyəti, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında universitetlə əmək bazarının əməkdaşlığının  rolunun artırılması məsələləri müzakirə edilib.
Bu cür əməkdaşlıq və təcrübə mübadiləsi tələbələrin ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirmək və onların nəqliyyat sahəsindəki tələblərə uyğun ixtisaslı kadr kimi yetişmələrini təmin etmək məqsədini daşıyır.
Görüşün nəticəsi olaraq, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və nəqliyyat sahəsinin inkişafı üçün birgə layihələrin həyata keçirilməsi planlaşdırılıb. Bu cür tədbirlər, həmçinin regionun iqtisadi inkişafına töhfə verməklə yanaşı, tələbələrin gələcək karyeralarına da müsbət təsir göstərəcəkdir.