2023-cü il noyabrın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na həsr edilmiş XVI elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.
Konfransın açılışında MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov və TEC-in sədri Günəş Şəfaqətov çıxış edib. Açılış nitqlərində Azərbaycanda təhsilin inkişafına dövlətin yüksək diqqət və qayğısından bəhs edilib. Ölkənin tərəqqisinə töhfə verən insan kapitalının inkişaf etdirilməsinin, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanmasının, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyətin yetişdirilməsinin əsas vəzifələrdən olduğu diqqətə çatdırılaraq bu istiqamətdə mövcud dövlət strategiyasının milli təhsil sisteminin inkişafındakı əhəmiyyətli rolundan danışılıb. Tələbələrin tədrisin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində aparılan tədqiqatlara marağı müsbət dəyərləndirilərək konfrans çərçivəsində onların təqdim edəcəkləri məruzələrin aktuallığı vurğulanıb və elmi tədbirin işinə uğurlar arzulanıb.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Təhsil fakültəsinin tələbələrindən İlahə İbrahimova “Mingəçevir şəhərinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri”, Qızbəs Osmanova “Uşaqlarda adaptasiya problemləri və onların həlli yolları”, Gülövsər Allahverdiyeva “Məhdud öyrətmə vasitələri ilə ingilis dili dərslərinin səmərəli təşkili”, Mehin Bayramlı “Riyaziyyat təlimi prosesində bəzi çətin tənliklər və bərabərsizliklərin eynigüclü çevirmələr vasitəsilə rasional tənliklər və bərabərsizliklərə gətirilməsi”, Sahibə Quluzadə “Məktəbəqədər yaşlı uşaqlarda sosial-emosional inkişaf üçün pedaqoji mühitin yaradılması və onun əhəmiyyəti”, Şövkət Hacıyeva “x3+px+q=0 tənliyinin köklərinin diskriminantla araşdırılması” və Nurlana Allahverdiyeva “Azərbaycan dili dərslərində müasir təlim metodları ilə dil qaydalarının öyrədilməsi yolları” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Müzakirələr və sual-cavab sessiyasından sonra konfransın işinə yekun vurulub.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin elmi fəaliyyətə cəlbinin təşviq edilməsi və tədqiqat bacarıqlarının artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.