Mingəçevir Dövlət Universitetinin Qazilərə Sosial Xidmət Mərkəzinin rəhbəri Asim Şəfayət oğlu Məmmədovla müsahibə
Sual 1. Qazilərə sosial xidmət mərkəzinin yaradılmasının əsas ideyası nədən ibarətdir?
Cavab: Mən əvvəla bütün qazi qardaşlarımızı salamlayıram. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşən və bu şərəfli ada layiq görülən bütün qazilərimizə təşəkkür edirik. Onlara Allahdan şəfa və möhkəm can sağlığı arzulayırıq.
Necə ki, müharibə dövründə onlar öz canlarını vətən uğrunda ortaya qoydular, post-müharibə dövründə də dövlətimizin, cəmiyyətimizin və hər bir vətəndaşımızın şəhid ailələrinə və qazilərimizə maddi və mənəvi dəstək olması, onların qayğısına qalması, onlara mütəşəkkir olduğunu hiss etdirməsi lazımdır. Bu idrakla hərəkət edən Mingəçevir Dövlət Universiteti bu istiqamətdə mütəşəkkil addımlardan birini daha ataraq, öz nəzdində qazilərə qayğı göstərəcək mərkəzi açaraq, ali təhsil müəssisələri arasında ilki həyata keçirdi. Doğrudur, Mingəçevir Dövlət Universiteti rəhbərlik səviyyəsindən başlayaraq tələbələrə qədər bütün səviyyələrdə şəhid ailələrinə və qazilərimizə qarşı diqqət və qayğısını həmişə hiss etdirmişdir. Ancaq Qazilərə Sosial Xidmət Mərkəzinin yaradılması onu göstərir ki, bundan sonra sırf qazilərimizə sosial qayğının təşkil edilməsində daha mütəşəkkil fəaliyyətlər həyata keçiriləcəkdir.
Sual 2. Qazilərə Sosial Xidmət Mərkəzinin yaradılması haqqında məlumat verə bilərsiniz?
Cavab: Qazilərə Sosial Xidmət Mərkəzinin yaradılması ideyası ilk dəfə olaraq Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Fərəh Cəlil tərəfindən irəli sürülmüş və rəhbərlik tərəfindən bəyənilmişdir. Bundan sonra bu ideyanın reallaşdırılması istiqamətində Fərəh xanımla birgə universitetimizin digər aidiyyatı struktur bölmələrinin əməkdaşları yaradılacaq mərkəzin əsasnaməsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərmişlər. Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.12.2024-cü il tarixli 39 nömrəli qərarı ilə Qazilərə Sosial Xidmət Mərkəzi yaradılmış və Elmi Şuranın 28.01.2025-ci il tarixli 58 nömrəli qərarı ilə Mərkəzin Əsasnaməsi təsdiqlənmişdir. Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı şura yaradılmış və mərkəzə üzvlər seçilmişdir. Mərkəzin rəhbərliyi hələlik mənə həvalə olunsa da, onun qarşısında duran məqsədlərin həyata keçirilməsində, Mingəçevir Dövlət Universitetinin rəhbərliyinin, Pedaqogika və psixologiya kafedrasının əməkdaşlarının və tələbələrimizin dəstəyinə ehtiyac olacaqdır. Ümumiyyətlə, Şəhid ailələrinə və qazilərə sosial yardım təkcə dövlətin deyil, hər bir azərbaycanlının borcudur.
Sual 3. Belə bir mərkəzin yaradılması yəqin ki, bir yox, bir neçə məqsədə xidmət edəcəkdir. Bu haqda nələri qeyd edə bilərsiniz?
Cavab: Təşəkkür edirəm.
Danılmaz faktdır ki, artıq ali təhsil müəssisələri təkcə ali təhsilli kadr hazırlığını həyata keçirən mərkəzlər olaraq fəaliyyət göstərmirlər. Müasir dövrdə ali təhsil müəssisələri həmçinin yerləşdiyi regionun əhalisinin problemlərinin həllində rol oynayan təşkilatlar kimi də fəaliyyət göstərirlər. Mingəçevir Dövlət Universiteti “Mingəçevir Dövlət Universiteti 2030: Strateji İnkişaf Planı”nda da məhz yerləşdiyi regionun drayverinə çevrilmək, universitet-cəmiyyət əməkdaşlığına diqqət yetirmək və bu istiqamətdə öz fəaliyyətini təşkil etmək məqsədi yer alır. Bu məqsəd doğrultusunda bir sıra mərkəzlər yaradılmışdır ki, onlardan biri də məhz Qazilərə Sosial Xidmət Mərkəzidir.
Mərkəzimizin başlıca məqsədi Mingəçevir şəhərində və ətraf rayonlarda yaşayan qazilərimizə sosial qayğı göstərməkdir. Ancaq bu məqsədə nail olmaq üçün universitetimizdə təhsil alan tələbələrimizin bu işə cəlb olunmasına xüsusi diqqət yetirəcəyik. Xüsusilə, Sosial iş və Təhsildə sosial psixoloji xidmət ixtisaslarında təhsil alan tələbələrimizin mərkəzimizin fəaliyyətdə yaxından iştirak etməsi bizim üçün son dərəcə önəmli olacaqdır. Məqsədimiz qazilərimizə sosial qayğının təşkil edilməsi zamanı adlarını qeyd etdiyim ixtisaslarda təhsil alan tələbələrimizin də praktik bacarıqlarını artırmalarına nail olmaqdır. Beləliklə, onlar məzun olduqdan sonra əmək bazarına səriştəli kadrlar olaraq daxil olacaqlar.
Sual 4. Mərkəzin fəaliyyət istiqamətləri haqqında bir qədər məlumat verə bilərsiniz?
Cavab: Sosial xidmətin mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
Azərbaycan Respublikasının ərazi bötüvlüyü, suverenliyi və müstəqilliyi uğrunda gedən döyüşlərdə sağlamlıq imkanlarını tam və ya qismən itirmiş şəxslərə dəstək sahəsində dövlət siyasətinin aparılmasında iştirak etməklə öz səlahiyyətləri çərçivəsində həmin siyasətin həyata keçirilməsində iştirak etmək;
MDU-da “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrin Azərbaycan Respublikasının sosial xidmət sisteminin gələcək mütəxəssiləri kimi onların praktiki bilik və bacarıqlarının artırılması və bu istiqamətdə kompleks tədbirləri həyata keçirmək;
Təhsilalanların səriştəyönümlü praktik işin icrası ilə yanaşı zəruri biliklərə yiyələnməsinə nail olmaq;
Sosial xidmət çərçivəsində təhsilalanların təlim maraqlarının, öyrənmə xüsusiyyətlərinin, təhsildə və cəmiyyətdə baş verən hadisələrə münasibətlərinin, meyil və maraqlarını öyrənmək, qazilərin cəmiyyətdə sosiallaşmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirləri həyata keçirmək;
Sosial xidmətin məhz qazilərlə iş şəklində qurulımasını təmin etmək;
Qazilərin əhatə olunduğu insanlara qarşı münasibətlərində müşahidə edilən çətinliklərin aşkara çıxarılaraq aradan qaldırılması üçün preventiv tədbirləri görmək və bu istiqamətdə müvafiq tövsiyələri hazırlamaq və s.
Müsahibəni apardı: Nazim Niftəliyev