Mingəçevir Dövlət Universitetində “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətləri” mövzusunda elmi-praktik konfrans keçirilib

  • Рубрика записиMDU xəbərləri

2 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda akademik heyət, mövzu üzrə mütəxəssislər və tələbələr iştirak ediblər.

Konfransda öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət himni səsləndirilib.

Tədbiri Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov açaraq ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətlərinin elmi əsaslarla araşdırılmasının vacibliyini vurğulayıb. O, bu cür tədbirlərin gənc nəsillərin tarixi həqiqətləri daha dərindən öyrənməsi baxımından mühüm rol oynadığını qeyd edib.

Konfransda Qərbi Azərbaycan icmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi, MDU-nun dosenti, əməkdar müəllim Mayıl İsmayılov “Qərbi Azərbaycan həqiqətləri, yaxud Qərbi Azərbaycan tarixinə qısa ekskurs”, MDU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Vüsalə Mövlayeva “XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin xronikası”, Quba Memorial Soyqırım Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova “Quba Memorial Soyqırım Kompleksi – 1918-ci il hadisələrini əks etdirən məkan (videoçarx)”, MDU-nun dosenti, Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyası”, İrəvan Türk Cümhuriyyətinin Millət Şurasının üzvü Qurban Vahidov “Qərbi Azərbaycanda mədəni irs soyqırımı”, MDU-nun dosenti, Magistratura və doktorantura tədris mərkəzinin müdiri Vəfa Məhərrəmova “Azərbaycanlıların Qərbi Azərbaycandan son deportasiyası” mövzularda məruzələr dinlənilib.

Məruzələrdə tarixi faktlara əsaslanaraq, ermənilərin XX əsrdə və ondan əvvəlki dövrlərdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım aktları geniş müzakirə edilib. Xüsusilə, 1918-ci il mart hadisələri, Quba soyqırımı, 1948-1953-cü illərdə deportasiya siyasəti və Qərbi Azərbaycandakı mədəni irsin məhv edilməsi barədə elmi çıxışlar təqdim olunub.

Konfransın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar fikir və təkliflərini bildiriblər.