25 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Bizi Xocalıya qovuşduran milli birliyimiz” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə MDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov açaraq, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı səhifələrdən biri olduğunu vurğulayıb. O, bu faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu bildirib. Üzeyir Zeynalov çıxışında həmçinin Xocalı qurbanlarının xatirəsinin daim uca tutulduğunu və bu qanlı hadisənin beynəlxalq aləmdə tanıdılmasının vacibliyini qeyd edib.
Konfrans çərçivəsində Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda faciənin dəhşətli görüntüləri və sağ qalmış şahidlərin xatirələri təqdim olunaraq, iştirakçılarda dərin emosional təsir yaradıb.
Daha sonra məruzələr dinlənilib.
MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Leyla Babayeva “Xocalı soyqırımı erməni vəhşiliyinin apogeyidir: faciəyə aparan yol” mövzusunda çıxış edərək, faciənin başvermə səbəbləri və erməni millətçi dairələrinin məqsədləri haqqında ətraflı məlumat verib. MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Tahirə Quliyeva “Xocalı – Azad olmuş yurdum mənim!” mövzusunda məruzəsində Xocalının işğaldan azad olunmasının Azərbaycanın tarixində yeni mərhələ açdığını vurğulayıb.
MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi, fil.ü.f.d. Ayna Babazadə “Xocalı faciəsi vətənpərvərlik və qisas duyğuları yaradan milli dəyər kimi” mövzusunda çıxışında Xocalının Azərbaycan xalqının mübarizə ruhunun simvoluna çevrildiyini qeyd edib. MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Zəka Əlibəyli isə “Xocalının qisasını almış xalq və milli lider” mövzusunda çıxış edərək, xalqın milli həmrəyliyi və güclü liderlik amilinin torpaqlarımızın azad olunmasında əsas rol oynadığını bildirib.
Konfrans müzakirələrlə davam etdirilib. İştirakçılar məruzələr ətrafında fikir mübadiləsi apararaq, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində atılacaq addımlar və tarixi ədalətin bərpasının vacibliyi barədə müzakirələr aparıblar.