Вы сейчас просматриваете Xocalı faciəsinin 33-cü ildönümü. Böyük Azərbaycana qovuşmuş qəhrəman yurdumuz: XOCALI

Xocalı faciəsinin 33-cü ildönümü. Böyük Azərbaycana qovuşmuş qəhrəman yurdumuz: XOCALI

  • Рубрика записиMDU xəbərləri

Bu gün milli tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı qətliyamından 33 il keçir. Xocalı faciəsi yaddaşlarımızdan silinməyən və hər birimizin vətəndaşlıq şüuruna dərin hüznlə həkk olunan hadisə kimi hər zaman aktualdır. Çünki hələ də cavabını tapmamış suallar, mübahisə doğuran məsələlər var. Bu sualların və məsələlərin psixoloji ağırlığı ondan ibarətdir ki, etnik və dini mənsubiyyətinə görə, dəhşətli üsullarla qətlə yetirilən 613 Azərbaycan vətəndaşının və vətənimizin azadlığı naminə son damla qanlarına qədər, təpədən-dırnağa qədər silahlanmış düşmənə müqavimət göstərərək qəhrəmancasına həlak olmuş Azərbaycan oğullarının – Tofiq Mirsiyab oğlu Hüseynovun (Azərbaycanın Milli Qəhrəmanı – 1954-1992), Əlif Lətif oğlu Hacıyevin (Azərbaycanın Milli Qəhrəmanı – 1953-1992), Ələsgər Xanlar oğlu Novruzovun (Azərbaycanın Milli Qəhrəmanı – 1949-1992), Araz Bahadur oğlu Səlimovun (Azərbaycanın Milli Qəhrəmanı – 1960-1992) və b. müqəddəs qanları ilə suvardıqları yurd 31 il işğal altında qalmışdı. Lakin artıq 2 ildir ki, Qəhrəman Azərbaycan oğulları milli liderimizin – Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında “Dəmir yumruq” kimi birləşərək düşmənə qarşı ədalət savaşına başladı. 2020-ci il 27 sentyabr – 10 noyabr tarixində baş vermiş 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm hərbi uğurlardan və 2023-cü ilin 19-20 sentyabr tarixində dəqiqliklə həyata keçirilən antiterror əməliyyatlarından sonra 30 ildən artıq bir müddət ərzində düşmən işğalında olan yurdlarımız azad olundu. 31 il yolumuzu gözləyən qəhrəman yurdumuz Xocalı da Böyük Azərbaycana qovuşdu. Son yüz ildə ilk dəfə olaraq, 86,6 mim km2 ərazidə nəzərdə tutulmuş suverenliyimiz, sözün əsl mənasında, bərqərar edildi. 2023-cü il oktyabr ayının 3-də antiterror tədbirləri çərçivəsində qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş prezidentləri Araik Arutyunyanın (2020 21 may – 2023 1 sentyabr), Bako Saakyanın (2007 7 sentyabr – 2020 21 may) və Arkadi Qukasyanın (1997 8 sentyabr – 2007 7 sentyabr)  həbs edilərək Bakıya gətirilməsi ilahi ədalətin bərpa edilməsində, Xocalıda və Qarabağın digər bölgələrində erməni cəlladlarının törətdikləri vəhşiliklərin qisasının alınmasında böyük hadisə oldu. Artıq düşmənlərin müxtəlif bəhanələrlə Xocalıya və Qarabağın digər ərazilərinə əl qoymasına qəti şəkildə son qoyuldu.

2023-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, 2003-cü ildə Prezident vəzifəsinin icrasına başlamasının 20-ci ildönümü günü Xocalıda və işğaldan azad olunmuş digər ərazilərdə Azərbaycan bayrağını ucaltması isə Xocalının tarixində yeni bir dövrün – azadlıq, istiqlaliyyət və dinc inkişaf dövrünün başlanmasına start verdi. 2024cü il iyun ayının 12də Rusiya sülhməramlı kontingentinin Qarabağ ərazisindən, həmçinin Xocalıdan tamamilə çıxarılması Azərbaycan Respublikasının ictimaisiyasi həyatında baş verən daha bir mühüm hadisə kimi yadda qaldı.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan xalqı və şanlı Azərbaycan ordusu dünyada, o cümlədən Yaxın Şərq və Cənubi Qafqaz regionunda, həm geosiyasi vəziyyəti və hərbi-strateji pariteti, həm də siyasi qüvvələr nisbətini köklü şəkildə dəyişib. İndi biz qlobal və regional miqyasda baş verən proseslərə tamamilə başqa prizmadan baxırıq. Gələcək üçün böyük ümidlərimiz və planlarımız var. Bununla belə, hər birimiz bir vətəndaş kimi anlamalıyıq ki, qlobal siyasət dünya, onun region və xalqları haqqında özünün müdhiş planlarını tarixin zibil qutusuna atmayıb, indi mübarizə və mücadilə daha çətin və mürəkkəb üsul və vasitələrlə baş verəcək. Biz isə durmadan inkişaf edən intellektimizlə, yüksək döyüş qabiliyyəti olan milli ordumuzla, sarsılmaz milli birliyimizlə və dünya miqyasında möhtəşəm nüfuz sahibi olan milli liderimizlə bütün sınaqlara hazırıq.

Bu gün Qarabağda, o cümlədən Xocalıda irimiqyaslı tikinti-quruculuq işləri yüksək templərlə davam edir. Tezliklə, işğaldan azad olunmuş yurdlarımıza, o cümlədən Xocalıya “Böyük Qayıdış” tam şəkildə gerçəkləşəcək. 31 il böyük məhrumiyyətlərlə, əhali və ərazi itkiləri ilə üzləşmiş doğma yuralarımızda həyatımıza və gələcəyimizə nur saçan çıraqlar yandırılacaq!

Esmira Cəfərova
MDU-nun Humanitar fənlər kafedrasının müdiri,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent