MDU-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib

2025-ci ilin 21 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyətini qəbul edib.

Görüşdə İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev, İT və informasiya təhlükəsizliyi şöbəsinin müdiri İlkin Əzizov, Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbərləri Xəyyam Məsiyev və Gülnar Mirhüseynova, universitetin Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev və İnkubasiya və akselerasiya mərkəzinin rəhbəri Elvin Muradzadə də iştirak edib.

Görüş zamanı rektor A.Eminov universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib. O, xüsusilə ixtisaslar üzrə tədris proqramlarının və fənn sillabuslarının müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində aparılan fəaliyyətləri diqqətə çatdırıb. Eyni zamanda, əməkdaş və tələbələrin xarici dil biliklərinin artırılması məqsədilə həyata keçirilən layihələr barədə danışıb. Rektor qeyd edib ki, MDU İRİA ilə əməkdaşlıqdan və onun imkanlarından faydalanmaqda maraqlıdır.

Ş.Hacıyəhyayev göstərilən diqqət və dəstək üçün minnətdarlığını ifadə edərək, ali təhsil müəssisələri ilə əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr barədə geniş məlumat verib. O, xüsusilə universitetlərdə informasiya texnologiyaları sahəsində ixtisaslaşan fakültələr üçün fənn proqramlarının və sillabuslarının təkmilləşdirilməsi üzrə Agentliyin göstərdiyi dəstəyi və birgə fəaliyyətin perspektivlərini vurğulayıb.

Agentlik nümayəndələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin icra etdiyi və ölkədə kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsini hədəfləyən “Beyin Mərkəzi” layihəsi çərçivəsində birgə fəaliyyətin əhəmiyyətini xüsusi vurğulayıblar. Müəllimlər üçün master-klassların təşkili, tələbələr üçün hakatonların keçirilməsi, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ixtisasları üzrə tədris proqramları və sillabusların yenilənərək əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində konkret addımların atılması barədə əməkdaşlıqla bağlı ilkin razılıq əldə edilib.

Görüşdən sonra, İRİA-nın nümayəndələri tərəfindən MDU-nun akademik-inzibati heyət üzvləri və tələbələri üçün “Kibermaarifləndirmə və kibergigiyena” mövzusunda infosessiya keçirilib. İnfosessiyada informasiya təhlükəsizliyi, kibercinayətlərə qarşı mübarizə yolları, şəxsi məlumatların qorunması ilə bağlı məlumatlandırılma edilib.