2025-ci il iyulun 23-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Buna uyğun olaraq tərəflər informasiya texnologiyaları, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrində tədrisin və praktiki biliklərin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdiriblər. Müqaviləni MDU-nun rektoru Anar Eminov və İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov imzalayıb.
Buna uyğun olaraq, MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini ziyarət edib. Görüş zamanı dəyirmi masa ətrafında keçirilən müzakirələrdə əməkdaşlığın perspektivləri və tərəflər üçün qarşılıqlı fəaliyyət ətrafında fikir mübadiləsi aparılıb.
Rektor A.Eminov ali təhsil müəssisəsi olaraq universitetin rəqəmsal inkişaf istiqamətində potensialının artırılmasına yönəlmiş bu cür tərəfdaşlığı olduqca vacib hesab etdiyini bildirib. O, yeni razılaşmanın region universiteti olan MDU-nun qabaqcıl texnoloji və rəqəmsal trendlərə uyğun inkişaf etməsinə mühüm töhfə verəcəyinə inandığını qeyd edərək, göstərilən dəstəyə görə Agentliyin rəhbərliyinə təşəkkürünü ifadə edib.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışı zamanı ixtisaslı və rəqabətədavamlı kadrların yetişdirilməsində region universitetlərinin fəal iştirakını yüksək qiymətləndirdiyini bildirib. O, MDU-nun texnoloji inkişaf istiqamətində sərgilədiyi irəliləyiş və təşəbbüskarlığın təqdirəlayiq olduğunu vurğulayaraq, bu əməkdaşlığın qurulması və inkişafı istiqamətində dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
Əməkdaşlıq çərçivəsində proqramlaşdırma, informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində tədris olunan fənlərin tədris proqramlarının və sillabuslarının təkmilləşdirilməsi, Agentlik mütəxəssislərinin dərs prosesinə cəlb olunması, tələbələrin istehsalat təcrübəsinin Agentlikdə keçirilməsi, “Kiber klub” təşəbbüsünə dəstək və digər ortaq layihələrin icrası kimi birgə fəaliyyətlər nəzərdə tutulur.
Görüşdən sonra, MDU-nun nümayəndə heyəti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin müasir maddi-texniki bazası, tədris prosesi ilə tanış olub və əməkdaşlıq imkanları barədə müzakirələri davam etdiriblər.
Qeyd edək ki, MDU ilə İRİA arasında qurulan əməkdaşlıq, həmçinin ali təhsildə keyfiyyətin təmin edilməsi, rəqəmsal sahədə milli insan kapitalının gücləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.