Mingəçevir Dövlət Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Məsuliyyətli istehsalda keyfiyyət və standartlaşdırma” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd müasir istehsal proseslərində keyfiyyətin təmin olunmasının əhəmiyyəti, beynəlxalq standartlara uyğun fəaliyyət prinsipləri və davamlı inkişaf yanaşmalarının təşviqi barədə iştirakçıların məlumatlandırılması olub.
Təlim zamanı iştirakçılara məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehsal prosesində beynəlxalq standartların tətbiqi, resurslardan səmərəli istifadə və istehlakçı məmnuniyyətinin təmin olunması kimi mühüm məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, müasir iqtisadi mühitdə müəssisələrin rəqabət qabiliyyətinin artırılması üçün keyfiyyətin idarə olunması və standartlaşdırma prosesləri xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində müəssisələrdə keyfiyyət idarəetmə sistemlərinin tətbiqi, məsuliyyətli istehsal prinsiplərinin formalaşdırılması və istehsal fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunması ilə bağlı praktiki yanaşmalar iştirakçılara təqdim edilib. Həmçinin istehsal proseslərində innovativ yanaşmaların tətbiqi, resurslardan səmərəli istifadə və istehsalın davamlı inkişaf prinsiplərinə uyğun qurulması istiqamətində müzakirələr aparılıb.
Təlim zamanı xüsusilə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində məsuliyyətli istehsal və istehlak prinsiplərinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, istehsal proseslərində keyfiyyətin təmin edilməsi, standartların tətbiqi və resurslardan səmərəli istifadə SDG 12 – Məsuliyyətli istehsal və istehlak məqsədinin həyata keçirilməsinə mühüm töhfə verir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində keçirilən bu cür maarifləndirici tədbirlər tələbələrin və gənc mütəxəssislərin müasir iqtisadi yanaşmalar, keyfiyyət idarəetməsi və davamlı inkişaf prinsipləri barədə biliklərinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.