2022-ci ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Milli Tariximizin ən böyük faciəsi: Mart Soyqırımı” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib.
Konfrans iştirakçılarını salamlayan rektor 104 il ötməsinə baxmayaraq tariximizin qan yaddaşına çevrilən Mart soyqırımının eyni acı ilə xatırlandığını və heç bir zaman unudulmayacağını bildirib, faciə qurbanlarının daim böyük ehtiramla anıldığını qeyd edib.
1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarından, Azərbaycanın müxtəlif bölgələrində baş vermiş erməni terroru və vəhşiliklərindən bəhs edən Ş.Bayramov Allahdan soyqırımı qurbanlarına və bütün şəhidlərimizə rəhmət diləyib.
Soyqırıma siyasi və hüquqi qiymətin verilməsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan rektor Ulu Öndərin müvafiq Fərmanı ilə hər 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu bildirib.
Hazırda Mart soyqırımı barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə mühüm dövlət tədbirlərinin həyata keçirildiyini qeyd edən Ş.Bayramov tarixi həqiqətlərin öyrənilməsi, gənc nəsillər arasında təbliğ edilməsi, dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən bəhs edib və bununla bağlı, MDU-da fərqli formatlarda tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.
Konfransda MDU-nun akademik heyət üzvlərindən dosent Nizami Zeynalov “Tarixşünaslıqda 31 mart 1918-ci il soyqırımı hadisələrinə müasir yanaşma”, baş müəllim Rahilə Məmmədova “31 Mart soyqırımı həqiqətlərinin bədii əsərlərdə əksi”, baş müəllim İlham Məmmədov “1918-ci il 31 mart soyqırımını doğuran səbəblər və tarixi şərait” və müəllim Aygün Qədirova “1918-ci il Mart soyqırımının siyasi hədəfləri və çağdaş Azərbaycan istiqlalı” mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra, konfrans iştirakçıları tərəfindən məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, tariximizin qanlı səhifəsini təşkil edən soyqırım hadisəsinin tarixi dərslərindən bəhs edilib.
Sonda konfransda iştirak edən tələbələr Vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.