Mingəçevir Dövlət Universitetində (MDU) əmək bazarının nümayəndələri ilə silsilə görüşlər keçirilir

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasında əmək bazarının nümayəndələri ilə görüş keçirlib. Tədbirin məqsədi Sənaye mühəndisliyi, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və Nəqliyyat mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin gələcək karyera imkanlarını müzakirə etmək və əmək bazarına tələblərə uyğun kadr hazırlamaq olub.

Tədbirin moderatoru, Mexanika kafedrasının müdiri dosent Mahir İsmayılov, görüşün əhəmiyyətini vurğulayaraq, belə tədbirlərin tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib. O, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığının universitetin prioritetlərindən biri olduğunu bildirib.

Görüşdə Mingəçevir Tekstil MMC-nin istehsalat rəisi Hüseyn Həşimov və müəssisənin kadrlar şöbəsinin əməkdaşı, İT mütəxəssisi Yasin Quliyev iştirak etdilər. Onlar tekstil sənayesinin hazırkı vəziyyəti, müəssisədə mövcud olan iş imkanları və tələb olunan bacarıqlar haqqında məlumat verdilər. Həmçinin, tələbələrin praktiki təcrübə keçmələri üçün əməkdaşlıq imkanları müzakirə olundu.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət yanğın nəzarəti xidmətinin Yevlax rayon dövlət yanğın mühafizə hissəsinin maliyyə kiçik inspektoru, daxili xidmət baş çavuşu Cavid İsmayılzadə də tədbirdə çıxış edərək, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasının əhəmiyyətini vurğuladı. O, bu sahədə kadr hazırlığının vacibliyini və gənc mütəxəssislərin yetişdirilməsinin vacibliyini qeyd etdi.

Universitetin Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev, Mühəndislik fakültəsinin dekanı dosent Almaz Əliyeva, Mexanika kafedrasının müəllimləri və Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin mütəxəssisi də tədbirdə iştirak edib.

Görüş zamanı əmək bazarının cari ehtiyacları, mövcud problemlər və kadr hazırlığı prosesində diqqət yetirilməli məqamlar ətraflı müzakirə olunub. Sonda tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.