Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin 1 iyun tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.
İyunun 3-dən 11-dək bakalavriat səviyyəsində 97 qrup üzrə 1840 tələbə ümumilikdə 179 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 97 faiz olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.
Magistratura səviyyəsində 14 qrup üzrə ümumilikdə 34 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 98 faiz olub.
Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahı, “Qaynar xətt” və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Müntəzəm olaraq hər həftə keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırlır.
Universitetdə yaz semestrinin imtahan sessiyası cari ilin iyulun 5-dək davam edəcək.