Mingəçevir Dövlət Universiteti (MDU) Beynəlxalq Universitetlər Assosiasiyasına (International Association of Universities – IAU) üzv qəbul olunub. Bununla bağlı, IAU-nun baş katibi xanım Hilligje Vant Land tərəfindən MDU-ya təsdiqedici məktub daxil olub. Məktubda MDU-nun IAU İdarə Heyəti tərəfindən müəyyən edilən üzvolma meyarlarına tam cavab verdiyi vurğulanıb və universitetin sözügüdən təşkilatın fəal üzvlərindən biri olacağına əminlik ifadə edilib.
Son dövrdə səmərəli beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirən MDU-nun dünya universitetlərinin qlobal səviyyəli təşkilatı olan IAU-ya üzv qəbul olunması faydalı tərəfdaşlıqlar və təşəbbüslər üçün yeni imkanlar qazandıracaqdır. İlk növbədə, MDU Dünya Ali Təhsil Məlumat Bazasına (World Higher Education Database – WHED) daxil olacaq və bazanın resurslarından faydalana biləcəkdir. Bununla yanaşı, MDU Assosiasiyanın rüblük Ali Təhsil Siyasəti (Higher Education Policy) jurnalına və ildə iki dəfə nəşr olunan IAU Horizons jurnalına ödənişsiz abunə ediləcəkdir. Eləcə də, Assosiasiyanın fəaliyyəti və dünya ali təhsilində müşahidə edilən əsas trendlər barədə məlumatların təqdim edildiyi IAU-nun aylıq elektron xəbər bülletenində (electronic Newsletter) MDU ilə bağlı yeniliklərin işıqlandırılması imkanı əldə ediləcəkdir.
IAU dünya ali təhsil ictimaiyyətinin nümayəndələrini, ekspertləri və universitet liderlərini ali təhsil sahəsində qlobal gündəliyə aid əsas məsələlərə həsr olunan beynəlxalq konfranslar və görüşlərdə, tematik ixtisaslaşdırılmış seminarlar və vebinarlarda bir araya gətirən beynəlxalq şəbəkələşmə və əməkdaşlıq platforması kimi çıxış edir. Eyni zamanda, Assosiasiya beynəlmiləlləşmə, davamlı inkişaf, ali təhsilin rəqəmsal transformasiyası və dəyər əsaslı liderlik kimi prioritet fəaliyyət sahələri üzrə xüsusi tematik platformalar təqdim edir.
Bildiririk ki, IAU 1950-ci ildə UNESCO-nun himayəsi altında yaradılmış qlobal miqyaslı üzvlük əsaslı təşkilatdır. IAU-nun Katibliyi UNESCO-nun Parisdəki mənzil-qərargahında yerləşir. Ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən IAU dünyanın 130-dan çox ölkəsinin 600-dən artıq universitetini birləşdirir. UNESCO tərəfdaşı olan IAU bir çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Assosiasiyanın fəaliyyəti akademik azadlıq, institusionl muxtariyyət, lokal və qlobal sosial məsuliyyət, qarşılıqlı maraqları və ortaq faydaları nəzərdə tutan əməkdaşlıq, ali təhsilə bərabər çıxış imkanları, keyfiyyətli ali təhsil və tədqiqat kimi prinsiplərə əsaslanır.
Qeyd edək ki, hazırda sürətlə modernləşən və yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da regional və qlobal universitet təşklatları ilə əməkdaşlığın inkişafına prioritet əhəmiyyət verilir. Bu baxımdan IAU-da təmsilçiliyin MDU-nun potensialının gücləndirilməsi və hərtərəfli inkişafı istiqamətində görülən işlərə töhfəsi yüksək qiymətləndirilir.