Mingəçevir Dövlət Universiteti Karatay Beynəlxalq islam iqtisadiyyatı və maliyyəsi konfransında fəal təmsil olunub

  • Рубрика записиMDU xəbərləri

2022-ci ilin iyunun 18-də Türkiyənin KTO Karatay Universitetində 2-ci Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi Konfransının (KARCIEF 2022) işinə yekun vurulub. Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Konya Ticarət Odası (KTO), KTO Karatay Universiteti, Sakarya Universiteti və Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “Dayanıqlı ağıllı kənd təsərrüfatı və islam maliyyəsi” mövzusuna həsr edilib.

İyunun 17-dən 18-dək “Zoom” platforması üzərindən onlayn formatda davam edən sözügedən beynəlxalq konfransda MDU-nun akademik heyət üzvləri də fəal təmsil olunublar. Konfransın bölmə iclaslarında digər iştirakçılarla yanaşı, MDU əməkdaşlarından Nüşabə Qədimli “Azərbaycanda islam bankçılığı və onun inkişaf perspektivləri”, Azər Hacıyev “Kənd təsərrüfatında əmək resurslarının idarə edilməsinin konseptual əsasları”, Nurlan Əzizli (həmmüəlliflər Vüqar Mustafayev və Elvin Muradzadə) “Fintex inqilabının rəqəmsal bankçılığın gələcəyinə təsiri”, Təranə Əliyeva (həmmüəlliflər Təranə Süleymanova və Təranə Səfərova) “Qida təhlükəsizliyinin təmin edilməsində yerli istehsal üçün təlimatlar”, Aytən Nadirova (həmmüəlliflər Arif Tağıyev və Vüqar Məmmədli) “Azərbaycanda aqrar sektorun inkişafında islam bankçılıq ənənələrinin tətbiqinin rolu” və Arifə Nəsibova (həmmüəllif Abbasova-Zeynalova Nuranə) “Kənd təsərrüfatı sektorunun inkişafında kraudfandinqin tətbiqi potensialı” mövzusunda çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, iyunun 17-dən işə başlayan beynəlxalq konfransın açılışında KTO Karatay Universitetinin rektoru Fevzi Rifat Ortaç, Sakarya Universitetinin rektoru Fatih Savaşan, MDU-nun rektoru Şahin Bayramov və KTO Karatay Universitetinin İslam iqtisadı ve maliyyə bölümü rəhbəri Hamdi Döndüren çıxış ediblər. Beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrindən akademik heyəti və praktik mütəxəssisləri bir araya toplamaqla islam iqtisadiyyatı və maliyyəsi sahəsində mövcud problemləri müzakirə etmək və innovativ həllər təklif etmək məqsədi daşıyır. Bir plenar və 15 bölmə iclasından ibarət təşkil edilən beynəlxalq konfransa dünyanın 7 ölkəsinin 19 ali təhsil və elmi-tədqiqat müəssisəsindən 100-ə yaxın məqalə daxil olub. Konfransa qəbul edilən məqalələr “Journal of Islamic Economics and Finance (KARJIEF)”, “International Journal of Islamic Economics and Finance Studies (IJISEF)” və “Journal of Islamic Finance (JIF)” kimi elmi nəşrlərdə dərc olunacaqdır.