Mingəçevir Dövlət Universitetində İqtisadiyyat və İdarəetmə fakültəsi üzrə magistrantların dissertasiya işlərinin müdafiəsi uğurla yekunlaşıb.
Universitetin nəzdində fəaliyyət göstərən Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən müdafiə prosesləri universitetin 3 kafedrasını və müxtəlif ixtisas istiqamətlərini əhatə edib.
İxtisaslaşdırılmış Elmi Şuraların iclaslarında Biznes və menecment kafedrası üzrə Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi və Biznesin idarə edilməsi (MBA) ixtisasları; İqtisadiyyat kafedrası üzrə Maliyyə, Biznesin idarə edilməsi və İqtisadiyyat ixtisasları; Energetika kafedrası üzrə isə Elektroenergetika mühəndisliyi və İstilik energetikası mühəndisliyi ixtisasları üzrə magistrantların dissertasiya işləri dinlənilib.
Müdafiə prosesində magistrantlar tədqiqat mövzuları üzrə əldə etdikləri nəticələri təqdim edib, elmi rəhbərlərin və şura üzvlərinin suallarını cavablandırıblar. Təqdim olunan dissertasiya işlərində müasir iqtisadi çağırışlar, idarəetmə mexanizmləri, maliyyə sistemləri, regional inkişaf, enerji səmərəliliyi və mühəndislik istiqamətləri üzrə aktual məsələlərə toxunulub.
Müdafiələrin yüksək təşkilati səviyyədə keçirilməsi Mingəçevir Dövlət Universitetində elmi-tədqiqat mühitinin inkişafına, magistratura səviyyəsində kadr hazırlığının keyfiyyətinin artırılmasına və tələbələrin peşəkar kompetensiyalarının gücləndirilməsinə mühüm töhfə verir.
Mingəçevir Dövlət Universiteti məzun adını qazanan bütün magistrantları təbrik edir, onlara gələcək elmi, pedaqoji və peşəkar fəaliyyətlərində uğurlar arzulayır.