2023-cü ilin sentyabrın 27-də Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Anım Gününə həsr olunan “Şəhidlərimizi qürur və ehtiramla anırıq” mövzusunda konfrans keçirilib. Konfransda şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, YAP fəalları, MDU-nun professor-müəllim və tələbə heyəti üzvləri iştirak ediblər.
Əvvəlcə, Mingəçevir Şəhidlər Xiyabanı ziyarət edilib və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.
Konfrans ümummilli liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişindən sonra MDU-nun rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev konfransın açılışında çıxış ediblər.
Böyük Zəfərə gedən yolun başlanğıcı hesab edilən 2020-ci ilin 27 sentyabr tarixindən düz 3 il ötdüyünü qeyd edən rektor Ş.Bayramov bildirib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz əsgər və zabitləri qəhrəmanlıq salnaməsini yazdılar. Qanları və canları bahasına torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bötüvlüyünü və tarixi ədaləti bərpa etdilər, qazandıqları şanlı Zəfərlə xalqımıza sonsuz qürur və sevinc hissləri yaşatdılar. Müstəqil və suveren ölkədə yaşadığımıza görə məhz belə vətənpərvər, igid və şücaətli Vətən övladlarına və onları yetişdirən valideynlərə borcluyuq. Milli qürur günümüz olan Anım Günündə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın dərin ehtiram və sonsuz minnətdarlıqla yad edildiyini qeyd edən Ş.Bayramov onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Qəhrəman şəhidlərimizin yüksək vətənpərvərlik nümunələri miras qoyduqlarını vurğulayan Ş.Bayramov onların göstərmiş olduqları şücaətlərin gənc nəsil arasında təbliğinin vacibliyindən danışıb və konfransın önəmini diqqətə çatdırıb.
YAP Mingəçevir şəhər təşkilatının sədri B.Mustafayev Vətən müharibəsinin milli tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. Tarixi qələbənin əldə edilməsində xalq, dövlət və ordu birliyinin həlledici önəmindən danışan B.Mustafayev ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə şəhidlərimizin qisasının alındığını və müasir Azərbaycan dövlətini xalqımıza miras qoyan ümummilli lider Heydər Əliyevin vəsiyyətinin həyata keçdiyini vurğulayıb. Bildirib ki, hazırda qüdrətli dövrünü yaşayan və möhtəşəm qələbələrlə yeni tarix yazmaqda davam edən Azərbaycan parlaq gələcəyə doğru inamla irəliləyir. Ölkəmiz regionda yeni geosiyasi reallıqlara və təşəbbüslərə müəlliflik etməklə dünyada nüfuzunu daha da gücləndirir. İşğaldan azad olunmuş doğma yurdlarımız sürətlə abadlaşır və böyük qayıdış proqramı uğurla icra edilir. Bütün bunların hər birimizdə böyük qürur hissləri yaşatdığını qeyd edən B.Mustafayev əldə edilən möhtəşəm nailiyyətlərdə mühüm pay sahibi şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Daha sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun akademik heyət üzvlərindən Vüsalə Mövlayeva “Tariximizi və taleyimizi dəyişmiş Zəfər müjdəsi”, Leyla Babayeva “Zəfər yolumuz anım məqamı” və Mahir İsmayılov “Şəhid qəhrəmanlarımızın şanlı döyüş yolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransdan sonra şəhid ailəsi üzvləri və qazilərlə görüş keçirilib.
Qeyd edək ki, konfrans “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini başlıca vəzifələrindən biri kimi müəyyən edən MDU-da əlamətdar tarixi günlərə və qəhrəmanlarımıza həsr olunan tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.