Mingəçevir Dövlət Universitetində magistrantların təcrübələrinin başlanması ilə bağlı iclas keçirilib

17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların təcrübələrinin başlanması ilə əlaqədar iclas keçirilib. İclasda universitetin müxtəlif fakültələrində təhsil alan II kurs magistrantlarının fevralın 17-dən martın 14-dək nəzərdə tutulmuş təcrübə proqramları haqqında ətraflı məlumat verilib.
Mövcud tədris planlarına əsasən, magistratura səviyyəsində təhsil alan tələbələr yaz semestrində 4 həftəlik təcrübə keçirlər. Təcrübə proqramları müxtəlif ixtisas sahələrinə uyğun olaraq təşkil olunub. Təhsil və mühəndislik ixtisaslarında təhsil alan magistrantlar “Elmi-tədqiqat təcrübəsi” keçərkən, iqtisadiyyat ixtisaslarının magistrantları  “Tədqiqat işinin aparılması” təcrübəsi ilə məşğul olacaqlar. Bundan əlavə, Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) üzrə təhsil alan magistrantlar üçün “Tədqiqat işinin aparılması və elmi-tədqiqat təcrübəsi”nin keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda çıxış edən Mingəçevir Dövlət Universitetinin Magistratura və Doktorantura Təhsil Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Məhərrəmova magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində təcrübənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, magistrantların praktik təcrübə keçməklə əldə etdikləri bilik və bacarıqlarını real iş mühitində tətbiq etmələrinin, onların gələcəkdə elmi və peşəkar fəaliyyətlərinə müsbət təsir göstərəcəyini qeyd edib.
Eyni zamanda magistrantlara təcrübə gündəlikləri paylanılıb və onlara təcrübənin sonunda hesabat təqdim etmələri tapşırılıb. Diqqətə çatdırılıb ki, təcrübənin sonunda onların gördüyü işlər müvafiq ballarla qiymətləndiriləcək və imtahan nəticələrində qeyd ediləcək.

Universitetin təcrübə proqramları magistrantların müasir iş dünyasında uğur qazanmasına imkan yaradacaq bilik və bacarıqları inkişaf etdirmək məqsədini daşıyır. Təcrübənin keçirilməsi ilə bağlı dəqiq istiqamətlər və dəstək proqramları hazırlanmışdır.

Mingəçevir Dövlət Universiteti bu cür təcrübə proqramlarının magistrantların elmi və peşəkar inkişafını gücləndirmək məqsədini daşıdığını və təhsil keyfiyyətini daha da artırmağa yönəldiyini bildirir.