Mingəçevir Dövlət Universitetində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə görüşü keçirilib

  • Рубрика записиMSU News

2026-cı ilin 22 may tarixində Mingəçevir Dövlət Universitetində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə görüşü keçirilib.

MDU-nun əsas tədris binasının akt zalında təşkil olunan tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə uyğun olaraq keçirilib.

Maarifləndirmə görüşünün əsas məqsədi gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, sosial həyata və gələcək inkişaf perspektivlərinə mənfi təsirləri barədə tələbələrin məlumatlılığının artırılması, eləcə də zərərli vərdişlərə qarşı ictimai həssaslığın gücləndirilməsi olub.

Tədbirin moderatoru Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Nihad Xəlilov olub.

Görüşdə Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Emil Yusibov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəis müavini Şahin Qəhrəmanov, Bakı şəhəri Narkoloji Mərkəzin nümayəndəsi Fidan Ataxanlı, Azərbaycan Respublikası Antidopinq Agentliyinin nümayəndəsi Qüdrət Səfərov və Səhiyyə Nazirliyi Mingəçevir Narkoloji Dispanserinin narkoloqu Eldar Mustafayev çıxış ediblər.

Çıxışlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Bildirilib ki, gənclər arasında profilaktik maarifləndirmə işinin gücləndirilməsi, sağlam və təhlükəsiz həyat tərzinin təşviqi, risk qruplarının vaxtında müəyyənləşdirilməsi və cəmiyyətin bu sahədə birgə məsuliyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə narkotik vasitələrin insan orqanizminə, psixoloji sağlamlığa və sosial münasibətlərə dağıdıcı təsirləri, narkomaniyanın fərdi və ictimai fəsadları, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri, dopinqdən istifadənin yaratdığı risklər, eləcə də asılılıq hallarının qarşısının alınmasında ailə, təhsil müəssisələri və ictimai təşkilatların rolu barədə ətraflı məlumat verilib.

Maarifləndirmə görüşü çərçivəsində tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, gənclərin sağlam düşüncə, məsuliyyətli seçim və sosial fəallıq prinsipləri əsasında formalaşmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində tələbələrin sağlam, təhlükəsiz və məsuliyyətli həyat tərzinə təşviq edilməsi, zərərli vərdişlərə qarşı maarifləndirmə işinin gücləndirilməsi və gənclərin sosial rifahına xidmət edən təşəbbüslərin dəstəklənməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.