Mingəçevir Dövlət Universitetində “Sahibkarlıq ekosistemi” mövzusunda seminar keçirilib

  • Рубрика записиMühəndislik

2022-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə “Sahibkarlıq ekosistemi” mövzusunda seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarda MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Almaniyanın Siegen Universitetinin və SRH Tətbiqi Elmlər Universitetinin qonaq professoru Müslüm İbrahimov seminarda məruzə ilə çıxış edib.

Məruzədə professor sahibkarlıq ekosistemlərinin qurulması, yeni şirkətlərin yaradılması, onların maliyyə, texnologiya, insan resurslarına və bazarlara çıxış imkanlarının genişləndirilməsi haqqında danışıb, uzunmüddətli dövrdə səmərəli və rəqabətqabiliyyətli fəaliyyətin təmin edilməsinə hədəflənən müvafiq bazar şəraitinin formalaşdırılmasından bəhs edib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, kadr hazırlığının keyfiyyət səviyyəsinin yüksəldilməsini diqqət mərkəzində saxlayan MDU-da təhsilalanların bilik və təcrübələrinin artırılması məqsədilə qabaqcıl yerli və xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq təlimlərin və seminarların təşkilinə xüsusi önəm verilir.