Mingəçevir Dövlət Universitetində tələbələrin ekoloji şüurunun artırılması və praktiki aqronomluq bacarıqlarının inkişafına yönəlmiş “Yaşıl Bağ” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb. Layihə dayanıqlı yanaşmaların təşviqi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və yaşıl düşüncə tərzinin inkişafına xidmət edir.
Layihə çərçivəsində Mingəçevir Dövlət Universitetinin eko-könüllü tələbələrinin fəal iştirakı və təşəbbüskarlığı nəzərə alınaraq onların əməyinin qiymətləndirilməsi məqsədilə sertifikat təqdimetmə mərasimi təşkil olunub. Tədbir tələbələrin ekoloji təşəbbüslərdə rolunun artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Sertifikat təqdimetmə mərasimində STEAM mərkəzinin rəhbəri Müşfiq Tarıverdiyev, Bir Könüllü təşkilatının rəhbəri Qorxmaz Rəhimov, məktəbin direktoru Aysel Xəlilli, layihənin eksperti Aynur Quliyeva və layihənin rəhbəri Ruhanə Musayeva iştirak edərək sertifikatları təqdim ediblər.
Sertifikatlar layihə müddətində fəallığı, təşəbbüskarlığı və məsuliyyətli yanaşması ilə seçilən eko-könüllü tələbələrə təqdim olunub. Onların iştirakı gənclərin ekoloji təşəbbüslərdə və dayanıqlı kənd təsərrüfatı yanaşmalarında artan rolunu nümayiş etdirir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti bu kimi təşəbbüslər vasitəsilə ətraf mühitə həssas, praktik bacarıqlara malik və sosial məsuliyyətli gənclərin yetişdirilməsinə töhfə verməkdə davam edir.