28 iyul – 1 avqust tarıxlərində Almaniyanın Lübek şəhərində Alman dili müəllimlərinin XVIII Beynəlxalq konfransı (İDT) keçiriləcəkdir.
Beynəlxalq Alman dili Müəllimləri Birliyi (İDV) tərəfindən təşkil olunan bu tədbir Alman dilinin xarici dil və ikinci dil (DaF/ DaZ) kimi tədrisi üzrə dünyanın ən nüfuzlu və genişmiqyaslı konfransıdır.
Beynəlxalq konfransa dünyanın 100-dən çox ölkəsindən 3000 nəfərə yaxın alman dili mütəxəssisinin gələcəyi gözlənilir.
Alman dili Müəllimlərinin XVIII Beynəlxalaq Konfransına Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov da dəvət olunmuşdur.
Mingəçevirli alim, bu Beynəlxalq konfransın daimi iştirakçısı kimi, Jena/Veymar (2009), Botsen( Cənubi Tirol, 2013) və Vyana ( 2022) şəhərlərində keçirilən konfranslarda da iştirak etmişdir.
İDT-nin tarixindən danışan dosent Namaz Manafov demişdir: Alman dili müəllimlərinin ilk Beynəlxalq konfransı 1967-ci ildə Münhendə keçirilmişdir. Davamlı təhsil və təlim tədbirlərini dəstəkləmək üçün konfransdan bir il sonra Beynəlxalq Alman dili muəllimləri Birliyi təsis edildi və bu konfransların dörd ildən bir keçirilməsi qərara alındı.
Konfransın keçirilməsində alman dilli ölkələrin növbələşməsi prinsipi tətbiq olunur (əvvəlki konfranslar Almaniyada, Avstriyada, İsveçrədə, Cənubi Tirolda (İtaliya) keçirilib).
Konfransın məqsədlərindən danışan dosent N. Manafov geyd etmişdir ki, İDT alman dili müəllimlərini, universitet əməkdaşlarını, alman dili tədqiqatçılarını … fəal iştirakçılar kimi bir araya gətirir; davamlı təhsil və beynəlxalq əməkdaşlıq üçün səmərəli imkanlar təqdim edir; qarşılıqlı öyrənmə və inkişaf üçün yeni bir mərkəz rolunu oynayır.
Beş gün davam edəcək konfransın bölmə iclaslarında və seminarlarda mədəniyyətlər və dillər arasında körpü rolunu gücləndirən yeni konsepsiyalar və inkişaf xətləri müzakirə olunacaq; Alman dilinin dünyada xarici dil kimi statusuna və tədrisinə təsir edən proseslər nəzərdən keçiriləcək; konfrans iştirakçilarına alman dilli ölkələrin mədəni və ictimai həyatında baş verən yeniliklərlə tanış olmaq imkanı yaradılacaq; bunun üçün konfransda bir sıra mədəni proqram hazırlanıb.