Mingəçevir Dövlət Universitetinin rektoru “IV TUSİ” inkubasiya proqramının “Demo Day” tədbirində iştirak edib

  • Рубрика записиНовости

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi-nin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan “IV TUSİ” inkubasiya proqramının “Demo Day” tədbirində iştirak edib.

Tədbirdə “Gələcək üçün bacarıqlar” layihəsinin davamı olaraq “V TUSİ” inkubasiya proqramının başlanması elan olunub. Açılış mərasimində Agentliyin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və BP-nin Xəzər bölgəsi üzrə Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək innovasiya ekosisteminin inkişafı, startap təşəbbüslərinin dəstəklənməsi və gənclərin sahibkarlıq bacarıqlarının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

“Demo Day” çərçivəsində “IV TUSİ” inkubasiya proqramına seçilmiş startap komandaları öz layihə və prototiplərini təqdim ediblər. Rektor Anar Eminov təqdim olunan innovativ həllərlə yaxından tanış olub, iştirakçılarla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, təqdim edilən startaplar sırasında Mingəçevir Dövlət Universitetinin “Servantist” adlı layihəsi də yer alıb. Universitet nümayəndələrinin innovasiya və sahibkarlıq istiqamətində fəal iştirakı MDU-da startap mədəniyyətinin formalaşdırılması və tələbələrin təşəbbüskarlıq bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.