2021-ci ilin 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçirilib. Mingəçevir Dövlət Universitetini (MDU) konfransda rektor Şahin Bayramov və 17 nəfər gənc akademik heyət üzvü təmsil edib.
Konfransın açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, İstanbul Universitetinin rektoru, professor Mahmud Ak, AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev və Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Çıxışlardan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Xalq artisti Teyyub Aslanovun iştirakı ilə universitetin doktorant və gənc tədqiqatçılarının ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonra konfrans 14 bölmədə işini davam etdirib. Bölmə iclaslarında MDU-nun gənc əməkdaşları da elmi məruzələrlə çıxış ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və bölmə rəhbərləri tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, gəncləri elmi yaradıcılığa yönəltmək və onların elmi-tədqiqatlarının nəticələrinin müzakirəsini aparmaq məqsədilə təşkil edilən respublika elmi konfransına təqdim olunan 246 məqalədən 17-i MDU-nun gənc əməkdaşlarının payına düşüb.