Mingəçevir Dövlət Universiteti Ukraynanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirir
“Azərbaycan müəllimi”, 07.11.2021
MDU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
Hazırda müasirləşmə mərhələsində olan Mingəçevir Dövlət Universitetində (MDU) akademik potensialın gücləndirilməsi və ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu çərçivədə MDU-da dost Ukraynanın qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinə xüsusi önəm verilir. Bu baxımdan cari ilin 27-29 oktyabr tarixlərində MDU-nun rektoru Şahin Bayramovun Ukraynaya səfəri əhəmiyyətli və məhsuldar fəaliyyətlərlə yadda qalıb.
Oktyabrın 27-də MDU-nun rektoru Şahin Bayramov Ukraynaya səfəri çərçivəsində Kiyev Milli İqtisadiyyat Universitetinin (KNEU) rektoru Dmitri Lukyanenko ilə görüşüb.
MDU rektorunu KNEU-da salamlamaqdan məmnunluğunu bildirən D.Lukyanenko rəhbərlik etdiyi ali təhsil müəssisəsinin keçdiyi inkişaf yolu, beynəlxalq əməkdaşlığı, uğurları və məzunları haqqında ətraflı məlumat verib. Azərbaycan universitetləri, o cümlədən MDU ilə əməkdaşlığa böyük önəm verildiyini qeyd edən KNEU rektoru iki universitet arasında əməkdaşlığın inkişafı üçün zəruri imkanların yaradılmasına hazır olduğunu diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Ş.Bayramov Azərbaycan və Ukrayna arasında tarixi köklərə malik dostluq münasibətlərindən bəhs edib, Ukraynanın qabaqcıl universitetlərindən olan KNEU ilə işbirliyinin gücləndirilməsini iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə kimi dəyərləndirib.
MDU-nun strateji hədəfləri və kadr hazırlığı istiqamətlərindən söz açan Ş.Bayramov son dövrdə universitetin modernləşməsi istiqamətində görülən işlərdən bəhs edib. Sürətlə müasirləşməkdə olan MDU-da beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayan rektor 115 illik tarixi olan KNEU ilə əməkdaşlığın potensial istiqamətləri barədə fikirlərini bölüşüb, tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlərin perspektivlərindən danışıb.
Oktyabrın 28-də MDU rektoru Kiyev Milli İqtisadiyyat Universitetinin 115 illik yubiley mərasimində iştirak edib. Yubileydə Ukraynanın baş nazirinin birinci müavini və İqtisadiyyat naziri, Elm və təhsil nazirinin müavini, Mərkəzi Bankın və digər çoxsaylı dövlət qurumlarının nümayəndələri, xarici və yerli universitetlərin rektorları, özəl şirkətlərin rəhbərləri və universitetin tanınmış məzunları iştirak ediblər.
Yubiley iştirakçılarını salamlayan KNEU-nun rektoru D.Lukyanenko rəhbərlik etdiyi universitetin keçdiyi tarixi inkişaf yolundan və əldə edilən uğurlardan danışıb. Ukrayna ali təhsil məkanında KNEU-nun mövqeyinin ildən-ilə gücləndiyini vurğulayan D.Lukyanenko universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın inkişafı və ali təhsil proqramlarının beynəlxalq akkreditasiyası istiqamətində görülən işlərdən və qarşıda duran strateji hədəflərdən bəhs edib.
Tədbirdə çıxış edən Ş.Bayramov dost ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan KNEU-nun yubiley mərasimində iştirakdan məmnunluğunu ifadə edib və dəvətə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Ukraynada ali təhsil sistemində özünəməxsus yerə malik KNEU-nun ölkənin biznes və iqtisadiyyat profilli aparıcı ali təhsil müəssisəsi olduğunu vurğulayan Ş.Bayramov hazırda tərəfdaş universitetin minlərlə məzununun milli iqtisadiyyatın ümumi inkişafına əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb.
KNEU-nu 115 illik zəngin ənənələrin müasir tədris metodları və qabaqcıl tədqiqat vasitələri ilə qovuşduğu nümunəvi təhsil ocağı kimi xarakterizə edən Ş.Bayramov KNEU və MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın mövcud vəziyyətindən söhbət açıb. Əlamətdar hadisə münasibətilə KNEU-nun rəhbərliyini və kollektiv üzvlərini MDU ailəsi adından təbrik edən Ş.Bayramov onlara yeni-yeni uğurlar arzulayıb.
Yubiley çərçivəsində MDU və KNEU arasında əməkdaşlıq memorandumu imzalanıb və xatirə hədiyyələri təqdim olunub.
Bununla yanaşı, səfər çərçivəsində KNEU tərəfindən MDU-ya riyaziyyat, iqtisadiyyat, idarəetmə və digər sahələri əhatə edən kitablar hədiyyə edilib. Universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində dərslik və dərs vəsaitlərinin təqdim olunması MDU-da, ilk növbədə, İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültələrinin tədris-metodiki bazasının gücləndirilməsinə töhfə verilməsi məqsədi daşıyır.
Daha sonra Şahin Bayramov Ukraynaya səfəri çərçivəsində Kiyev Milli Texnologiya və Dizayn Universitetində (Kyiv National University of Technologies and Design – KNUTD) olub.
MDU rektorunu salamlayan KNUTD-un rektoru İvan Qrişenko Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Ötən il 90 illik yubileyi qeyd edilən KNUTD-un keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verən İ.Qrişenko universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə danışıb. MDU ilə işbirliyinin potensial istiqamətlərindən bəhs edən İ.Qrişenko iki universitet arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulacağına əmin olduğunu bildirib.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən MDU-nun rektoru Ş.Bayramov 90 illik tarixi olan KNUTD ilə hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Hər iki universitetdə uyğun ixtisaslar üzrə kadr hazırlığının həyata keçirildiyini bildirən Ş.Bayramov tədris, elmi tədqiqat və ortaq layihələr istiqamətində görülə biləcək konkret işlərdən bəhs edib. KNUTD-da Azərbaycan Mərkəzinin fəaliyyət göstərməsindən məmnunluğunu bildirən Ş.Bayramov dost ölkənin sürətlə yenilənən ali təhsil müəssisəsi ilə əməkdaşlığın qurulmasının MDU-nun potensialının güclənməsinə töhfə verəcəyinə inandığını söyləyib.
Görüşdə MDU və KNUTD arasında əməkdaşlıq memorandumu imzalanıb və xatirə hədiyyələri təqdim olunub. Sonra MDU-nun rektoru Ş.Bayramov KNUTD-da Azərbaycan Mərkəzinə baş çəkib, universitetin mövcud infrastrukturu və laboratoriyaları ilə tanış olub.
Qeyd edək ki, Ukraynanın hər iki ali təhsil müəssisəsi ilə imzalanan və qarşılıqlı maraq doğuran sahələrdə potensial əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan memorandumlar tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətləri əhatə edir.