Mingəçevir Dövlət Universiteti və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan konfrans keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan konfrans keçirilib

 

6 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilib. Konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransa Qazi Universitetinin “Atatürk Qanunları və İnqilab Tarixi Araşdırma və Tətbiq Mərkəzi”nin rəhbəri Mehmet Ali Çakmak moderatorluq edib. Konfransın açılışında Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru Şahin Bayramov çıxış ediblər.

Konfrans iştirakçılarını salamlayan Qazi Universitetinin rektoru M.Yıldız Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edib və Böyük Zəfərin birinci ildönümünün qardaş ölkənin universiteti ilə birlikdə qeyd edilməsindən məmnunluğunu bildirib.

Müxtəlif tarixi dövrlərdə ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsindən bəhs edən M.Yıldız ermənilər tərəfindən ölkəmizə qarşı aparılan etnik təmizləmə və işğalçılıq siyasətindən, törədilən terror və soyqırım cinayətlərindən danışıb.

Otuz il ərzində ermənilərin Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların nəticəsiz qalması və ermənilərin tez-tez hərbi təxribatlara əl atmasından söhbət açan M.Yıldız bütün bunların 44 günlük Vətən Müharibəsinin başlanmasına zəmin yaratdığını deyib.

Haqq savaşında Azərbaycanın möhtəşəm qalibiyyət qazanması, torpaqlarının işğaldan azad olunması və sürətlə dirçəldilməsinin tarixin olduqca qürurverici və şanlı səhifələrindən olduğunu qeyd edən M.Yıldız Vətən yolunda şəhadət mərtəbəsinə ucalan qəhrəmanlarımıza rəhmət, qazilərimizə isə şəfa diləyib.

Qazi Universiteti olaraq hər zaman Azərbaycanın haqq işini dəstəklədiklərini diqqətə çatdıran M.Yıldız rəhbərlik etdiyi ali təhsil müəssisəsində bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Hazırda Qazi Universitetinin iki professorunun MDU-da fəaliyyət göstərdiyini vurğulayan rektor qardaş ölkənin universiteti ilə işbirliyinə daim hazır olduqlarını bildirib, konfransın təşkilində əməyi olanlara və məruzəçilərə təşəkkür edib.

Zəfər Günü münasibətilə konfrans iştirakçılarını təbrik edən MDU-nun rektoru Ş.Bayramov Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan ortaq proqramın təşkilində dəstəyinə görə Qazi Universitetinin rektoruna və əməkdaşlarına təşəkkürünü çatdırıb.

Qırx dörd günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərdən bəhs edən Ş.Bayramov otuz illik yurd həsrətindən sonra torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin və milli qürurun bərpa olunduğunu söyləyib.

Hər birimizə sonsuz fəxarət hissləri yaşadan şanlı Qələbənin əldə edilməsində igid əsgər və zabitlərimizin mühüm pay sahibi olduqlarını diqqətə çatdıran Ş.Bayramov ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik məqamına yüksələn qəhrəmanlarımızın əziz xatirəsinin heç zaman unudulmayacağını bildirib.

Tarixin bütün dönəmlərində olduğu kimi, Vətən Müharibəsinin başladığı ilk anlardan etibarən qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu, böyük siyasi, diplomatik və mənəvi dəstək göstərdiyini vurğulayan rektor Qarabağ Zəfərinin Azərbaycan-Türkiyə birliyinin gücünü dünyaya nümayiş etdirdiyini, qardaşlıq münasibətlərinin daha yüksək zirvələrə ucaltdığını qeyd edib.

Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında və Azərbaycanın haqq işinin dəstəklənməsində Qazi Universitetinin yüksək fəallığı ilə seçildiyini vurğulayan Ş.Bayramov bu fəaliyyətlərdə əməyi olan universitetin bütün professor-müəllim, inzibati-texniki və tələbə heyətinə minnətdarlığını bildirib. İki universitet arasında yaradılan əməkdaşlığın qısa müddət ərzində inkişafından məmnunluğunu ifadə edən rektor konfransın işinə uğurlar arzulayıb.

Daha sonra, konfransın proqramına uyğun olaraq Qazi Universitetinin professoru Selma Yel “Şuşa Bəyannaməsinin tarixi fonu”, MDU-nun dosenti Nizami Zeynalov “Bölgənin geosiyasi mənzərəsini dəyişən Tarixi Zəfər”, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl “İkinci Qarabağ Savaşında Zəfəri təmin edən amillər və nəticələr”, MDU-nun dosenti Esmira Cəfərova “Cənubi Qafqazda əbədi sülh, təhlükəsizlik və hərtərəfli inkişaf perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da qardaş ölkənin tərəfdaş universitetləri ilə birlikdə silsilə tədbirlər keçirilib.

{phocagallery view=category|categoryid=752|limitstart=0|limitcount=0}