Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının iki həftəsi uğurla başa çatıb

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının iki həftəsi uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin 8 iyun tarixində başlayan online imtahan sessiyasının ikinci həftəsi də uğurla yekunlaşıb. Artıq məlumat verdiyimiz kimi, MDU-da imtahanlar ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.

8-19 iyun tarixlərini əhatə edən ilk 9 imtahan günündə bakalavriat və magistratura səviyyələrində keçirilən 301 imtahanda ümumilikdə 1874 tələbə və magistrant iştirak edib. Xüsusi qeyd edilməlidir ki, iki həftə ərzində keçirilən imtahanlarda faktiki olaraq bütün tələbələr müvəffəq qiymət alıblar.

Karantin dövrünün reallıqları nəzərə alınmaqla çoxsaylı güzəştlərin tətbiqi ilə müşayət olunan imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi təmin olunub. Belə ki, İmtahan Qərargahının, “Qaynar xətt”in və Appelyasiya Komissiyasının fəaliyyəti məsafədən təşkil olunan imtahanlara adekvat formada həyata keçirilir.

MDU-nun gənc əməkdaşlarından ibarət “Texniki dəstək qrupu” və müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” yeni formatda keçirilən imtahan sessiyasında xüsusi fəallıq göstərirlər. Bundan başqa, ilk dəfə reallaşdırılan MDU-nun könüllü tələbələrindən ibarət “İmtahan könüllüləri” layihəsi imtahan prosesində çevikliyin və səmərəliliyin təmin olunmasında mühüm rol oynayır.

MDU-da yaz semestrinin imtahan sessiyası cari ilin 7 iyul tarixinədək davam edəcək.