Mingəçevir Dövlət Universitetində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

13 iyul 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş “Azərbaycanda 1969-cu il 14 iyul tarixindən başlayan Heydər Əliyev əsri” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixinin xalqımızın həyatındakı önəmindən bəhs edib.

Ölkəmizi tərəqqiyə aparan yolun başlanğıcı kimi bu dövrü xarakterizə edən Ş.Bayramovhəm sovet dönəmində, həm də müstəqillik illərində ictimai həyatın bütün sahələrinin inkişafında, milli maraqlarımızın təmin olunmasında, eləcə də milli kadrların yetişdirilməsində ulu öndər Heydər Əliyevin dövlət başçısı olaraq misilsiz xidmətlərindən, titanik fəaliyyətindən, uzaqgörən və düşünülmüş siyasətindən danışıb.

Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əsasını qoyduğu hərtərəfli inkişaf konsepsiyasının onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində davam etdirildiyini bildirən rektor hazırda ölkəmizin dünyada mövqelərinin möhkəmləndiyini, beynəlxalq səviyyədə nüfuzunun daha da artdığını, regionda lider dövlətə çevrildiyini qeyd edib.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin nəhəngliyini bir daha aydın şəkildə görə bilməyimizə səbəb olduğunu vurğulayan Ş.Bayramov əzəli torpaqlarımızın düşmən işğalından azad olunması ilə dahi şəxsiyyətin ruhunun şad olduğunu deyib.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun əməkdaşlarından baş müəllim İlham Məmmədov “Müasir Azərbaycan tarixinə “Qızıl əsr” möhürü vurmuş lider”, dosent Flora Namazova “Heydər Əliyev Azərbaycan dilinin və ədəbiyyatının hamisi kimi”, dosent Sahib Məmmədov “Azərbaycan təhsilini ali kürsüyə qaldırmış şəxsiyyət”, müəllim Vüqar Məmmədli “Azərbaycanın müasir iqtisadi inkişaf modeli Heydər Əliyev dühasının nəticəsidir” mövzusunda məruzələr ilə çıxış ediblər.

Məruzələrdə dövlət quruculuğu, xalqımızın milli mənəvi dəyərləri və adət-ənənələrinin, ana dili və ədəbi irsinin qorunması, təhsilin inkişafı sahəsində əbədiyaşar lider Heydər Əliyevin tarixi və misilsiz xidmətləri haqqında ətraflı məlumat verilib, müasir dayanıqlı sosial-iqtisadi inkişafın əldə edilməsində dahi şəxsiyyətin məqsədyönlü və sistemli siyasətindən bəhs edilib.

Universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əsas vəzifələrindən biri vətənə, xalqa və dövlətə layiq vətənpərvər yüksəkixtisaslı kadrların yetişdirilməsi olan MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan müxtəlif formatlı silsilə tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=654|limitstart=0|limitcount=0}