Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası uğurla başa çatıb

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb. Cari ilin 8 iyun tarixində start verilən imtahan sessiyası ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən online formada şifahi qaydada təşkil olunub.

Sessiya ərzində ümumilikdə 646 imtahanda bakalavriat səviyyəsində I-III kurslarda, magistratura səviyyəsində isə I kursda təhsil alan 1900-dən artıq tələbə və magistrant iştirak edib.

Sessiyaya hazırlıq istiqamətində görülmüş kompleks tədbirlər və struktur bölmələr arasında aparılmış sistemli funksional bölgü bütövlükdə imtahan prosesinin operativ və çevik şəkildə idarə edilməsinə imkan verib. Əvvəlcədən də bəyan edildiyi kimi, mövcud qanunvericiliyə edilən dəyişikliklərin yaratdığı imkanlar, karantin dövrünün xüsusiyyətləri və məsafədən tədrisin reallıqları nəzərə alınmaqla, imtahan sessiyasında çoxsaylı güzəştlər tətbiq edilib. Eyni zamanda, universitetin akademik heyəti tərəfindən “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən keçirilən online dərslər və Youtube kanalı üzərindən təqdim olunan “videodərslər” də tələbə və magistrantların müvafiq fənlər üzrə zəruri bilik və bacarıqları əldə etməklə imtahanları uğurla verməsinə ciddi əsaslar yaratmışdı.

Sevindirici haldır ki, ilk dəfə məsafədən keçirilən imtahanlarda faktiki olaraq bütün tələbələrin və magistrantların iştirakı təmin olunub. Ən əsası isə, imtahanlarda iştirak edənlərin demək olar ki, hamısı müvəffəq qiymət alıblar.

İmtahan sessiyası müddətində, eləcə də bu dövrdə hər həftənin çərşənbə axşamı keçirilən “Açıq qapı” günlərində tələbə, magistrant, valideyn və ictimaiyyət nümayəndələrindən imtahanların təşkilindən məmnunluq ifadə edilən çoxsaylı müraciətlər daxil olub.

Universitet kollektivinin fədakarlığı sayəsində qlobal pandemiya ilə hamılıqla mübarizə apardığımız dövrdə məsafədən təşkil olunan bütün imtahanlar baş tutub və təhsilalanların biliyinin obyektiv qiymətləndirilməsi mümkün olub. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində universitetin akademik və inzibati heyəti, “İmtahan Qərargahı”nın, müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu”nun və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu”nun üzvləri fəal iştirak ediblər.

İlk dəfə olaraq şifahi formada keçirilən imtahanlarla bağlı tələbə, magistrant və valideynlərin müraciətlərinə operativ baxılmasında və təhsilalanların biliyinin obyektiv qiymətləndirilməsinin təmin olunmasında “Apellyasiya Komissiyası” mühüm rol oynayıb.

“Könüllülər ili” elan olunmuş 2020-ci ildə ilk dəfə olaraq MDU-da reallaşdırılan “İmtahan könüllüləri” layihəsinə qoşulan könüllü tələbələr imtahan prosesində çevikliyin təmin olunmasına mühüm töhfələr veriblər.