Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan konfrans keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan konfrans keçirilib

 

2021-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 noyabr -Zəfər Gününə həsr olunan “Vətən müharibəsi: qalibiyyətin təntənəsi və doğma Qarabağın dirçəlişi” mövzusunda konfrans keçirilib.

MDU-nun inzibati və akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Bəxtiyar Əliyev, millət vəkilləri Ceyhun Məmmədov və Vüqar Bayramov çıxış ediblər.

Giriş sözü ilə konfransı açan MDU-nun rektoru Şahin Bayramov müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə iştirakçılara təbriklərini çatdırıb.

Şanlı qələbənin rəmzinə çevrilən “Dəmir yumruq” ilə erməni faşizminin başını əzən, düşmən ordusunun belini qıran və Vətən tarixinin qəhrəmanlıq salnaməsini yazan igid əsgər və zabitlərlə qürur duyduğunu deyən rektor ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Düşmən işğalından azad edilmiş əzəli torpaqlarımızda Azərbaycan bayrağının qürurla dalğalandığını qeyd edən Ş.Bayramov qalib xalqın qalib ali baş komandanı kimi dövlət başçısının doğma yurdlarımıza səfərlərini böyük sevinc və fəxarət hissləri ilə izlədiyini və Qarabağın tezliklə cənnətə çevriləcəyinə əminliyini bildirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, 118 saylı Ağdam şəhər seçki dairəsindən millət vəkili Bəxtiyar Əliyev Zəfər Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib, xalqımıza və dövlətimizə daim firavan günlər, yüksəliş və tərəqqi arzulayıb. Tarixi Zəfərin qazanılmasında qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğunu qeyd edən millət vəkili onların əziz xatirəsinin hər zaman böyük ehtiramla anılacağını və heç zaman unudulmayacağını bildirib.

Müstəqilliyin ilk illərində Azərbaycanın suverenliyinin şübhə altına alındığını və torpaqlarının 20 faizinin işğal edildiyini deyən B.Əliyev qələbənin təməlində məhz Ümummilli Liderin siyasi hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi, hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərtərəfli inkişaf strategiyasının və xalqın iradəsinə uyğun aparılan məqsədyönlü siyasətin dayandığını vurğulayıb. O, dövlətin iqtisadi qüdrəti, effektiv diplomatiyası, müasir güclü ordusu ilə yanaşı, əsgər və zabitlərin şücaətini, informasiya mübarizəsində üstünlüyü, milli birlik və siyasi həmrəyliyi, qardaş Türkiyənin mənəvi dəstəyini möhtəşəm qalibiyyəti şərtləndirən başlıca amillər kimi dəyərləndirib.

Tarixi Zəfərdən sonra bölgədə yaranan yeni reallıqlardan söhbət açan millət vəkili qısa müddət ərzində işğaldan azad edilmiş rayonların sürətli yenidən qurulması və dirçəldilməsi işlərinin aparılmasını dövlətin iqtisadi potensialının gücündən xəbər verdiyini diqqətə çatdırıb.

Əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik edən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini bildirib.

Erməni təcavüzü nəticəsində müstəqilliyin ilk illərində ağır günlər yaşamasına və böyük qurbanlar verməsinə baxmayaraq Azərbaycan xalqının heç zaman sınmadığını və 30 il ərzində doğma yurdlarını unutmadığını qeyd edən C.Məmmədov məhz sarsılmaz xalq, iqtidar və ordu birliyi sayəsində düşmənin mənfur niyyətlərinin puça çıxdığını söyləyib.

Postmüharibə dövründə informasiya mübarizəsinin davam etdiyini vurğulayan millət vəkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, erməni vəhşiliyinin ifşa edilməsində ən çox işin ziyalıların üzərinə düşdüyünü bildirib və bu istiqamətdə ali təhsil müəssisələrinin fəallıqlarının daha da artırılmasının zəruriliyindən danışıb.

Zəfər Günü münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdıran 84 saylı Füzuli seçki dairəsi üzrə Milli Məclisin deputatı Vüqar Bayramov 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qalibiyyəti ölkədə aparılan uzunmüddətli siyasətin nəticəsi kimi dəyərləndirib.

Azərbaycanın siyasi, iqtisadi, hərbi və diplomatik sahədə yüksək hazırlığının müharibənin gedişində özünü müqayisə olunmaz dərəcədə böyük fərqlə göstərdiyini bildirən V.Bayramov hərbi əməliyyatlar başladıqdan sonra qısa müddət ərzində qələbənin qazanılacağına heç kimdə şübhə olmadığını qeyd edib.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur rayonlarının iqtisadi potensialından danışan millət vəkili bölgənin milli iqtisadiyyata reinteqrasiyası nəticəsində iqtisadi artımın drayverinə, qeyri-neft sektorunun lokomotivinə çevriləcəyini bildirib və artıq beynəlxalq təşkilatların Azərbaycanla bağlı proqnozlarında bu müsbət trendlərin öz əksini tapdığını diqqətə çatdırıb.

Çıxışlar konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da müxtəlif formatlı silsilə tədbirlər keçirilir.

 

{phocagallery view=category|categoryid=741|limitstart=0|limitcount=0}