Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub

 

2021-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Kiyev Milli Texnologiya və Dizayn Universitetində (Kyiv National University of Technologies and Design – KNUTD) “Mexatron sistemlər: innovasiyalar və mühəndislik” mövzusunda keçirilən V beynəlxalq elmi-praktiki konfransda təmsil olunub.

Ukrayna, ABŞ, Böyük Britaniya, Türkiyə, İsveçrə, Polşa və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərinin qatıldığı konfransda Azərbaycandan MDU-nun rektoru Şahin Bayramov iştirak edib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında çıxış edən KNUTD prorektoru Lyudmila Qanuşak ənənəvi olaraq keçirilən beynəlxalq konfransın Ukraynada və xaricdə fəaliyyət göstərən müvafiq universitetlər, elmi təşkilatlar və sənaye müəssisələri arasında təcrübə mübadiləsi baxımından əlverişli platformaya çevrildiyini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

Konfransda iştirakdan məmnun olduğunu qeyd edən MDU-nun rektoru Ş.Bayramov yaxın günlərdə dost Ukraynaya etdiyi səfər çərçivəsində KNUTD-da keçirilən görüşləri və qurulan əməkdaşlıq əlaqələrini xatırladıb, səmimi qarşılanmaya və qonaqpərvərliyə görə bir daha universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Hər iki universitetin müvafiq fakültələri və kafedraları səviyyəsində elmi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Ş.Bayramov nəzəri-praktiki əhəmiyyətli bu beynəlxalq elmi platformanın KNUTD və MDU arasında yeni qurulan əməkdaşlığın güclənməsinə də töhfə verəcəyinə inandığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqlərindən sonra konfrans plenar və bölmə iclasları ilə fəaliyyətinə davam edib.

Qeyd edək ki, MDU və KNUTD arasında əməkdaşlığın əsası cari ilin oktyabrın 29-da hər iki universitetin rektorları tərəfindən əməkdaşlıq memorandumunun imzalanması ilə qoyulub. Memorandumda tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər əksini tapıb.

{phocagallery view=category|categoryid=742|limitstart=0|limitcount=0}