Mingəçevirdə “Avropa günləri” keçirilib. Diplomatik nümayəndələr MDU-nu ziyarət edib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevirdə “Avropa günləri” keçirilib. Diplomatik nümayəndələr MDU-nu ziyarət edib

Mayın 21-də Mingəçevirdə “Avropa İttifaqı Günləri”nə start verilib. Öncə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpus nümayəndələri və digər qonaqlarla Mingəçevir İcra Hakimiyyətində rəsmi görüş  keçirilib. İcra Hakimiyyəti başçısı İlham İsmayılov 2008-ci ildə Avropa İttifaqına üzv olan ölkələrin Brüssel görüşündə şərq tərəfdaşlığı təşəbbüsünü irəli sürməsinə diqqəti çəkib: “7 may 2009-cu il də Praqada Şərq Tərəfdaşlığı üzrə Zirvə görüşü keçirilib. Bu görüşdə Şərq Tərəfdaşlığı sahəsində əsas məqsədlər və prinsiplər, həmçinin gələcək əməkdaşlıq barədə birgə Bəyannamə qəbul edilib”.

Şərq tərəfdaşlığının 10-cu ildönümünə həsr olunmuş Avropa Günlərinin Mingəçevir şəhərində keçirilməsi proqramının çox zəngin olduğunu və bu proqramın müvəffəqiyyətlə keçiriləcəyini bildirən İcra Hakimiyyəti başçısı şəhərin tarixi və Mingəçevirdə görülən quruculuq işləri barədə də avropalı qonaqlara ətraflı məlumat verib, onları bu şəhərə sərmayə yatırmağa, investisiya qoymağa çağırıb. O, səfirlərə deyib ki, Mingəçevirdə xarici investorların fəaliyyəti üçün hər cür şərait mövcuddur.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas görüşdə çıxış edərək, şəhərə gəldikləri ilk andan onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və qeyd edib ki, məhz Avropa İttifaqının xətti ilə Mingəçevirə bu qədər nümayəndə heyəti gəlib. Qonaq xüsusilı vurğulayıb ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bu regionda 14 layihənin nümayişi nəzərdə tutulur: “Bu lahiyələr regionun inkişafı və insanların həyat səviyyələrinin yaxşılaşdırılmasına xidmət edir. Avropa İttifaqı hər vasitə ilə qaldırılan təşəbbüslərə dəstək durmağa hazırdır”.

Görüşdən xatirə olaraq qonaqlara Mingəçevirlə bağlı hədiyyələr təqdim edilib. Sonda xatirə şəkilləri çəkilib.

Bundan sonra avropalılar Mingəçevir Mərkəzi Xəstəxanasına baş çəkərək, məcburi tibbi sığorta Tvinning layihəsi ilə tanış olublar.

Axşam Səməd Vurğun adına meydanda “Avropa İttifaqı Sənin Üçün” tədbirinə başlanıb. Müxtəlif təşkilatlar layihələrlə bağlı fəaliyyətlərini meydanda qurulmuş çadırlarda sərgiləyiblər. Səfirlər və Mingəçevir İcra Hakimiyyəti başçısı səhnəyə çıxaraq, tədbirə toplaşanları öz ana dillərində salamlayıblar. Tədbir  “Meridian” rok qrupunun konserti ilə başa çatıb. Bundan sonra qonaqlar və bir qrup mingəçevirli “Ağsaray” otelində təşkil olunan ziyafətdə bir araya gəlib.

Mayın 22-də  Aİ layihələrinin media üçün informasiya sessiyası olub. Qonaqlar indiyədək bölgədə uğurla gerçəkləşdirilən 14 layihənin gedişi və nəticələri ilə yerində tanış olublar. Onlar həm də Samux rayonuna səfər edərək, SEEDS layihəsinin  gedişini də izləyiblər.

Tədbirləri mərkəzi və regional medianın nümayəndələri izləyiblər.

Mayın 22-də Avropanın 5 ölkəsinin səfiri və onları müşayət edən nümayəndələr Mingəçevir Dövlət Universitetini ziyarət ediblər.

Qonaqları müşayət edən Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova, beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova rektor Akif Hacıyevin salamlarını yetiriblər.

Qonaqlar əvvəlcə universitetin kitabxanasında Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ layihəsi ilə bağlı fikirlərini bölüşüblər. Sonra “Erasmus” ofisinin Bakı rəhbəri Pərviz Bağırov tələbələrə Erasmus+ layihəsi haqqında, təhsil imkanları haqqında məlumat verib. Avropa İttifaqının Nümayəndəliyi universitetə 400-ə yaxın kitab hədiyyə edib.

Mingəçevir Dövlət Universitetinin məzunları olan Erasmus layihəsi çərçivəsində magistr istiqaməti üzrə Portuqaliya Politexnik İnstitutunda “Produkt dizayn” ixtisası üzrə təhsil alan Aişə Sadıxova və Çexiyanın Ostrava Texniki Universitetində “İqtisadiyyat” ixtisası üzrə təhsil alan Kamal Əhmədov Avropadakı təhsillərindən söz açıblar.

Sonra gənc səfirlərdə Erasmus layihəsi və onun təhsil prosesi, keyfiyyət və təminat barədə məlumat verdilər.

Sonra geniş tərkibli Avropalı qonaqlar universitetin akt zalında universitetində professor-müəllim və tələbələrlə görüşüblər. Avropa İttifaqının Nümayəndəliyinin Azərbaycandakı səfiri cənab Kastutis Yankauskas Şərq Tərəfdaşlığı proqramı çərçivəsi barədə geniş məlumat verib.

Daha sonra Avropalı qonaqları müşayət edən tərcüməçi İsrafil Xakiyevin köməkliyi ilə Finlandiyanın Azərbaycandakı səfiri xanım Arya Makkonen, Hollandiyanın Azərbaycandakı səfiri cənab Onno Kervers, Xorvatiyanın Azərbaycandakı səfiri cənab Branko Zebiç, Latviyanın Azərbaycandakı səfiri cənab Yuris Maklakovs, İspaniyanın Azərbaycandakı səfiri cənab İqnasio Sançes Taboada ölkələri haqqında geniş məlumat vermiş, Avropa İttifaqının tərkibinə daxil olmamış və indiki vəziyyətləri barədə ətraflı məlumat vermişlər. Ölkələrinin iqtisadi, siyasi, sosial, humanitar imkanları, təhsil, mədəniyyət, idman və s. sahələrdən danışıblar.

Sonra Avropalı qonaqlar Avropa İttifaqı barədə hazırladıqları sualları tələbələrə təqdim ediblər. Sualları cavablandıran müəllim və tələbələr hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda universitetin professor-müəllim və tələbələri maraqlandıran sualları Avropalı səfrirlər cavablandırıb. Xatirə şəkilləri çəkdirilib.

{phocagallery view=category|categoryid=153|limitstart=0|limitcount=0}