“Narkomaniya və qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizənin əhatə dairəsinin genişləndirilməsi” mövzusunda seminar Mingəçevir Dövlət Universitetində keçirilib

  • Рубрика записиMSU News

2026-cı il martın 6-da Mingəçevir Dövlət Universitetində “Narkomaniya və qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizənin əhatə dairəsinin genişləndirilməsi” mövzusunda elmi-praktik seminar təşkil olunub. Tədbirin məqsədi narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə fəaliyyətini gücləndirmək, gənclər arasında sağlam həyat tərzini təşviq etmək və hüquqi maarifləndirmə səviyyəsini artırmaq olub.

Seminarın açılış nitqi MDU-nun hüquq müşaviri Polad Atayev tərəfindən səsləndirilib. O, narkomaniyanın yaratdığı ciddi sosial təhlükələrdən bəhs edib və gənclər, xüsusilə tələbələr arasında narkotiklərə qarşı təbliğatın genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, həmçinin təhsil müəssisələrinin və cəmiyyətin bütün üzvlərinin birgə səylərini tələb edir.

Seminar çərçivəsində bir sıra məruzələr təqdim olunub. Polad Atayev yeniyetmələr və tələbələr arasında narkotiklərə qarşı maarifləndirmə fəaliyyətinin genişləndirilməsi mövzusunda çıxış edib və bu sahədə maarifləndirmə tədbirlərinin rolunu diqqətə çatdırıb. MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2025–2030-cu illər üzrə Dövlət Proqramının əsas istiqamətləri haqqında məlumat verib.

Mingəçevir Şəhərlərarası Narkoloji Dispanserinin narkoloqu Eldar Mustafayev narkomaniyanın sosial və tibbi aspektlərinə toxunaraq, asılılığın qarşısının alınmasında ailə institutunun və valideyn məsuliyyətinin əhəmiyyətini vurğulayıb. MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimi Gültekin Knyazova isə narkomaniya ilə mübarizədə iradə və motivasiyanın əsas amillərdən biri olduğunu qeyd edib, sağlam həyat tərzini təşviq edən maarifləndirmə fəaliyyətlərindən danışıb.

Tədbir zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində gənclər arasında sağlam həyat tərzinin təşviqi, narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər, seminarlar və görüşlər təşkil edilir. Bu kimi təşəbbüslər tələbələrin hüquqi və sosial maariflənməsinin artırılmasına, sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına mühüm töhfə verir.