Mingəçevir Dövlət Universitetində Oriyentasiya Günü keçirilib

  • Рубрика записиMDU xəbərləri

2025-ci ilin 12 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinə yeni qəbul olunmuş I kurs tələbələrinin universitetlə tanışlığı məqsədilə Oriyentasiya Günü tədbiri keçirilib. Universitetin əsas tədris binasında yerləşən akt zalında keçirilən tədbir Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni və MDU-nun Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş nitqi ilə açan sosial məsələlər üzrə rektorun müşaviri Elvin Məmmədzadə I kursları tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Rektor müşaviri eyni zamanda universitetin dəyərləri, tədris keyfiyyəti və tələbələrin inkişafı üçün yaradılan imkanlar barədə qısa məlumat verib.

MDU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri İlhamə Məmmədova, İmtahan bölməsinin rəhbəri İzani Sarıyev, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin baş mütəxəssisi Lamiyə İbrahimova, Biznes və menecment kafedrasının müəllimi Babək Hüsüyev, Tələbə Gənclər Təşkilatının sədri Aslan Əzimzadə universitetin struktur bölmələri, tələbə həyatı, könüllülük və sosial fəaliyyətlər barədə geniş məlumat təqdim edib. Tələbələrə sual-cavab sessiyası zamanı onları maraqlandıran mövzular ətraflı şəkildə izah olunub.

Tədbirin davamında MDU-nun İdman-Sağlamlıq Kompleksində MDU-nun Tələbə Gənclər Təşkilatı və “Bir Könüllü” Tələbə Təşkilatına üzv tələbələr tərəfindən yeni tələbələr üçün müxtəlif oyunlar və yarışlar təşkil edilib. Bu fəaliyyət tələbələr arasında şəbəkələşməyə, kollektiv ruhun formalaşmasına və xoş vaxt keçirmələrinə imkan yaradıb.

Sonda tələbələr ixtisasları üzrə tədris binalarına yönləndirilib, fakültə nümayəndələri tərəfindən tədris proqramı, təhsil prosesi və universitet qaydaları barədə məlumatlandırılıb.