BP MDU-ya 150 nüsxə kitab hədiyyə edib

  • Рубрика записиMDU xəbərləri

BP şirkəti tərəfindən Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxanasına dünyanın aparıcı ali təhsil ocaqlarında geniş istifadə edilən 5 adda 150 nüsxə kitab hədiyyə olunub.

2024-cü il aprelin 8-də MDU-nun akademik heyətinə təqdim edilən kitablar əsasən, marketinqin prinsipləri, davamlı rəqabət üstünlüyünün idarə edilməsi, informasiya təhlükəsizliyinin idarə edilməsi, risklərin idarə olunması, rəqəmsal marketinqin əsasları, mikromühit, rəqəmsal makromühit, rəqəmsal media və marketinq kompleksi, vergi siyasəti kimi mövzuları əhatə edir.

MDU-nun rektoru Şahin Bayramov Azərbaycanın uzunmüddətli, etibarlı tərəfdaşı və iri neft-qaz layihələrinin əməliyyatçısı olan BP şirkətinin ölkə həyatının ən mühüm sahələrinə, o cümlədən təhsilin inkişafına töhfələr verdiyini bildirib. Şirkətin sosial fəaliyyətləri çərçivəsində prioritet sahələrdən biri olan təhsilin inkişafına dəstək məqsədilə beynəlxalq miqyasda tanınmış akademik dərsliklərin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini həyata keçirməklə ölkəmizin gələcəyinin möhkəm təməllər üzərində qurulmasında iştirak etdiyini vurğulayan rektor BP rəhbərliyinə xüsusi təşəkkürünü çatdırıb.

Sonra MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev  təqdim edilən kitablar barəsində heyətə ətraflı məlumat verib. Bildirib ki, yerli universitet və ekspertlərdən əldə edilmiş tövsiyələr əsasında seçilib tərcümə olunmuş bu faydalı dərsliklər tələbə və müəllimlərin, o cümlədən qeyd olunan sahələr üzrə ixtisaslaşan geniş auditoriyanın istifadəsi üçün nəzərdə tutulub.

V.Mustafayev BP şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyi 31 il ərzində ölkə təhsilinin inkişafında mühüm işlər görməsi barədə, 2018-ci ildən bəri dəstəklədiyi sosial layihələr çərçivəsində beynəlxalq miqyasda tanınmış 24 akademik kitabı ana dilimizə tərcümə etdirməsi haqqında danışıb. Qeyd edib ki, BP-nin maliyyə dəstəyilə nəfis tərtibatda nəşr olunan, həmçinin ölkənin ali təhsil ocaqlarına, kitabxanalara, müvafiq elm ocaqlarına hədiyyə edilən bu dərsliklər bir çox aparıcı beynəlxalq universitetlər tərəfindən icbari tədris vəsaitlərinin siyahısına daxildir.

“Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında”, “Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə”, “İqtisadi siyasət. Nəzəriyyə və praktika”, “İnformasiya təhlükəsizliyi prinsipləri” və “Növbəti. Gələcəyin qısa tarixi”adlı nəşrlər barədə fikir bildirən MDU alimləri kitabların professor-müəllim heyəti və tələbələr üçün yüksək keyfiyyətli tədris vəsaiti olduğunu vurğulayıblar. Onlar BP-nin təhsil sahəsindəki bu təşəbbüsünün gənc nəslin biliklərinin formalaşması istiqamətində təqdirəlayiq hesab ediblər.

Qeyd edək ki, kitabları MDU-nun kitabxanalarından əldə etmək olar.