Qəbələdə turizm sahəsində əməkdaşlıq və İT İnfrastrukturunun İnkişafı mövzularında səmərəli görüşlər keçirilib

  • Рубрика записиMDU xəbərləri

Qəbələdə yerləşən və turizm sahəsində fəaliyyət göstərən bir neçə müəssisənin nümayəndələri ilə səmərəli görüşlər keçirilib. Görüşlər GABALA HOSPITALITY GROUP-u təmsil edən turizm komplekslərində, o cümlədən TUFANDAĞ qış-yay turizm istirahət kompleksi və Qafqaz Riverside Hotel-də baş tutub.
Mingəçevir Dövlət Universitetinin Daxili Nəzarət şöbəsinin müdiri Elçin Əliyev və İT kafedrasının müdiri, dosent Aidə Mustafayeva görüşlərdə iştirak edərək universitetin Strateji İnkişaf Planı, turizm və otelçilik sahələrində kadr hazırlığının dinamikası, elmi potensialı və tələbə sayının artması barədə geniş məlumat vermişlər. Universitetin turizm sektorunda fəaliyyət göstərən müəssisələrlə əməkdaşlığa açıq olduğu xüsusi vurğulanmışdır.

Əmək bazarının nümayəndələri Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirərək, təcrübəli əməkdaşlarını universitetə ezam etməklə seminarlar, praktiki təlimlər və ustad dərsləri təşkil etməyə hazır olduqlarını qeyd etmişlər. Həmçinin, universitetin Turizm Bələdçiliyi, Turizm və Otelçilik ixtisaslarının dördüncü kurs tələbələrinin istehsalat təcrübəsinin turizm müəssisələrində təşkilinin mümkünlüyü müzakirə olunub.

Görüşlərdə müasir İT infrastrukturu və kiber təhlükəsizlik məsələləri də müzakirə olunub. Xüsusilə turizm sektorunda rəqəmsal transformasiya, müştəri məlumatlarının qorunması və otel idarəetmə sistemlərində informasiya təhlükəsizliyinin gücləndirilməsi məsələləri ön plana çıxmışdır. Tərəflər arasında texnoloji inkişaf və informasiya texnologiyalarının turizm sahəsində tətbiqi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılması və konkret layihələrin hazırlanması məqsədilə əməkdaşlıq müzakirələri davam etdiriləcəkdir.

Bu əməkdaşlığın rəsmiləşdirilməsi məqsədilə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanması nəzərdə tutulub.