Mingəçevir Dövlət Universitetində “Qərbi Azərbaycan həqiqətləri: tarix, kimlik və sosial reallıqlar” mövzusunda konfrans keçirildi

  • Рубрика записиMDU xəbərləri

7 aprel 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə universitetin ikinci korpusunda yerləşən Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan həqiqətləri: tarix, kimlik və sosial reallıqlar” mövzusunda konfrans keçirilmişdir.

Konfransın açılışında Pedaqoji fakültənin dekan müavini Aygün Qədirova giriş sözü ilə çıxış etmiş, tədbirin əhəmiyyətini vurğulamış və konfransın əsas məqsədinin tələbələrdə tarixi-mədəni biliklərin artırılması, Qərbi Azərbaycanın tarixi və sosial reallıqlarına dair məlumatların paylaşılması olduğunu qeyd etmişdir.

Konfrans çərçivəsində Pedaqoji fakültənin müəllimləri Lamiyə Orucova – Qərbi Azərbaycan tarixi irsi və mədəniyyət abidələrinin qorunması, Şəlalə Quliyeva – Qərbi azərbaycanlıların deportasiyası və demoqrafik dəyişikliklərin tarixi analizi, Şəbnəm Quliyeva – Qərbi Azərbaycanlıların mədəni kimliyi və kollektiv yaddaşın tədqiqi (folklor, dil və adət-ənənələr kontekstində) və Aydın Kərimov – Qərbi azərbaycanlıların sosial stereotiplərlə qarşılaşması və psixoloji adaptasiya problemləri mövzularında çıxışlar etmişlər.

Məruzələrdən sonra tələbələrlə fəal müzakirələr aparılmış, onların sualları cavablandırılmış və Qərbi Azərbaycan mövzusunun aktual əhəmiyyəti geniş şəkildə müzakirə olunmuşdur. Tədbir zamanı həmçinin Qərbi Azərbaycanla bağlı hazırlanan videoçarx təqdim edilmiş, bu isə mövzunun vizual olaraq daha yaxşı anlaşılmasına və tələbələrin diqqətinin cəlb edilməsinə imkan yaratmışdır.

Tədbir, tələbələr üçün interaktiv təhsil mühiti yaratmaqla yanaşı, Qərbi Azərbaycanla bağlı aktual məsələlərin elmi və sosial kontekstdə dərin anlaşılmasına şərait yaratmışdır.