Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramının “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması-REFRESH” layihəsi çərçivəsində 2024-cü ilin 3-7 iyun tarixlərində ölkənin bir neçə ali təhsil müəssisəsinin əməkdaşları İspaniyaya səfər edib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə həyata keçirilən layihə çərçivəsində həmyerlilərimiz İspaniyanın Barselona Universitetinə olub, burada keçirilən təlimlərə qatılıb.
MDU-nu təmsil edən Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova həmkarları ilə birlikdə proqramda nəzərdə tutulmuş təlimlərdə aktiv iştirak edib, universitetin tarixi haqda məlumatlar əldə edib, laboratoriyası, kitabxanası, istixanası, biologiya fakültəsini müşahidə edib, ətraf mühit fənnləri, bərpa olunan enerji mənbələri strategiyası ilə yaxından tanış olublar. Təlimlər Davamlılıq və İqlim Fəaliyyəti və Keyfiyyət Siyasəti, Beynəlxalq İdarəetmə Qrupunun hesabat təqdimatı və başqa bu kimi əhəmiyyətli mövzuları əhatə edib. Səfər müddətində nümayəndələr təmsil etdikləri universitetlərin fəaliyyəti və hədəfləri haqqında ətraflı məlumatları çatdırıb, yerli və tərəfdaş universitetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud vəziyyətləri müzakirə edilib.
Qeyd edək ki, “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır.