Rektor Şahin Bayramovun “Anım Günü” ilə bağlı “AZƏRTAC”a açıqlaması

  • Рубрика записиXəbərlər (AZ)

Xalqımız şəhidlərimizin əziz xatirəsini böyük hörmət və dərin ehtiramla yad edir

Bakı, 27 sentyabr, AZƏRTAC

Tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından bir il keçir. Müasir Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazılması ilə xarakterizə olunan bu dövr Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin şah əsəri hesab olunur. Məhz 2020-ci ilin 27 sentyabr tarixində düşmənin növbəti təxribatlarına cavab olaraq “Dəmir yumruq” əməliyyatlarına start verildi. 30 ilə yaxın müddətdə düşmən tapdağında olan tarixi torpaqlarımız Ali Baş Komandanımızın böyük siyasi iradəsi və yüksək məharəti, şəhidlərimizin qanı, qazilərimizin canı, əsgərlərimizin şücaəti və xalqımızın həmrəyliyi sayəsində işğaldan azad edildi. Faktiki olaraq, xain düşmən Azərbaycanın hərbi qüdrəti və siyasi əzəməti qarşısında diz çökdü.

Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bildirib.

O deyib: “Qədirbilən Azərbaycan xalqı ərazi bütövlüyümüzün təmin olunması yolunda canından keçərək şəhidlik zirvəsinə yüksələn mərd oğullarımızın əziz xatirəsini böyük hörmət və dərin ehtiramla yad edir. Əzəli torpaqlarımızı erməni vandalizminin əsirliyindən xilas edən şəhidlərimizin adının əbədiləşdirilməsi və onların göstərdiyi qəhrəmanlıqların təbliği sahəsində dövlətimiz tərəfindən reallaşdırılan kompleks tədbirlər qürurvericidir.

Onun sözlərinə görə, 27 sentyabr tarixinin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi və bu çərçivədə atılan sistemli addımlar şəhidlərimizin müqəddəs ruhuna ehtiramın və qazilərimizin şücaətinə verilən dəyərin bariz nümunəsidir. Əminik ki, bu gün şəhidlərimizin ruhu şaddır. Çünki, şəhidlərimizin uğrunda canlarından keçdikləri torpaqlarda hazırda həyat yenidən qurulur, müstəqil Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli dirçəliş işləri aparılır.

“İnanırıq ki, bu gün müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin də ruhu şaddır. Bu baxımdan, möhtərəm Prezidentimiz cəab İlham Əliyevin bu günlərdə səsləndirdiyi aşağıdakı fikirlər həm qürurverici, həm də təsirlidir: “Şuşa azad ediləndə Şəhidlər xiyabanını, atamın məzarını ziyarət edəndə, ilk növbədə, qürur duyurdum. Mən ona əsgəri salam verdim və tarixi missiyamı yerinə yetirməyim, onun vəsiyyətinə əməl etməyim barədə məruzə etdim, qürur hissi keçirirdim, həm də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardır ki, yəqin onun ruhu bizimlədir və qəlbən sevinir”. Qarabağ Azərbaycandır!”, – deyə Mingəçevir Dövlət Universitetinin rektoru qeyd edib.