Mingəçevir Dövlət Universitetində Riyaziyyat festivalı keçirilib

2023-cü ilin noyabrın 14-də Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu (RMİ) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Riyaziyyat elmlərin şahıdır” mövzusunda festival keçirilib.

MDU-nun ev sahibliyi ilə keçirilən festival regionda gənclərin Riyaziyyat elminə marağının artırılması və onların bu sahədə biliklərinin inkişafına töhfə məqsədi daşıyıb.

Əvvəlcə, Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Festivalın açılışında MDU-nun rektoru Şahin Bayramov və RMİ-nin baş direktoru Misir Mərdanov çıxış ediblər.

Tədbir iştirakçılarını salamlayan rektor Ş.Bayramov elmi tədqiqat müəssisəsi, universitet və ümumtəhsil məktəblərinin birgə iştirakı formatında keçirilən festivalı ölkəmizdə elm və təhsilin vəhdətinin təmin edilməsi sahəsində görülən işlərə töhfə olaraq dəyərləndirib və təşkilatçılara təşəkkürünü bildirib. MDU-da “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə kadr hazırlığının keyfiyyətinin artırılmasının vacibliyini vurğulayan rektor, digər ixtisaslarda da riyaziyyatın müasir tələblər səviyyəsində tədrisinin önəmindən danışıb. Riyaziyyat sahəsində ölkənin aparıcı elmi təşkilatı olan RMİ ilə ortaq fəaliyyətdən gözləntilərini diqqətə çatdıran Ş.Bayramov şagird və tələbələri riyaziyyatla daha fəal məşğul olmağa səsləyib.

 RMİ-nin baş direktoru M.Mərdanov Riyaziyyat elminin cəmiyyət həyatının bütün sahələrində oynadığı mühüm roldan bəhs edib, bu kontekstdə universitetdə təşkil edilən ilk Riyaziyyat festivalının əhəmiyyətini diqqətə çatdırıb. MDU-nun elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq təşəbbüslərini yüksək qiymətləndirən M.Mərdanov bu istiqamətdə atılan addımların universitetin elmi potensialının gücləndirilməsinə və müvafiq sahələr üzrə kadr hazırlığının məzmununun yenilənməsinə davamlı töhfə verəcəyinə əminliyini ifadə edib, festival iştirakçılarına uğurlar arzulayıb.  

Açılış nitqlərindən sonra festivalın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Riyaziyyat kafedrasının müdiri Rövşən Babayev “STEAM tədrisində riyaziyyatın multidisiplinar inteqrasiyası”, RMİ-nin şöbə müdiri Əbdürrəhim Quliyev “Riyaziyyat kainatın dilidir”, Mingəçevir şəhər Texniki Humanitar liseyin müəllimi, Əməkdar müəllim Arzu Hüseynova “Riyaziyyat həyatımızda” və universitetin tələbəsi Elnarə Əhmədova “Fibanoçi ədədləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələrdən sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə MDU-nun müəllim və tələbələri, həmçinin, Mingəçevir şəhər məktəblilərinin ifasında riyaziyyata və vətənpərvərliyə həsr olunmuş kompozisiyalar nümayiş etdirilib.

Sonra, festival çərçivəsində intellekutal yarış keçirilib. Yarışda MDU-nun tələbələrindən və Mərkəzi Aran RTİ-nin 7 şəhər və rayon (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir) üzrə məktəb şagirdlərindən ibarət komandalar iştirak ediblər. Hər komandada 3 tələbə və 3 şagird təmsil olunub. Riyaziyyat, riyazi təfəkkür və riyazi məntiq barədə 15 sualın səsləndirildiyi yarışın yekununda toplanılan ümumi ballara əsasən Kürdəmir komandası qalib olub.

Yarış iştirakçıları müvafiq sertifikatlarla təltif olunub və onlara M.Mərdanovun müəllifi olduğu “Azərbaycan riyaziyyatçıları” kitabı hədiyyə olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.