Şahin Bayramov: Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyub (AZƏRTAC)

  • Рубрика записиMDU xəbərləri

AZƏRTAC 12.12.2022

Bu gün Ümummilli Lider, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevi anım günündə dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Ulu Öndər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmışdır. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

Qeyd edib ki, məhz əbədiyaşar liderin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan müstəqilliyin ilk illərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuşdur. Vətəninə və xalqına, milli dəyərlərə və ənənələrə sıx bağlı olan dahi şəxsiyyət dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşmış və milli maraqları hər şeydən üstün tutmuşdur. Qarşılaşdığı həyati ciddi təhlükələrə və təhdidlərə baxmayaraq, Ulu Öndər ən ağır və çətin günlərdə daim xalqın yanında olmuş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda böyük cəsarət və fədakarlıq nümayiş etdirmişdir.

Şahin Bayramov bildirib ki, hazırda müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq güclənmişdir. Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyub.

“Bu gün biz bu izləri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə aydın görürük. Eyni zamanda, bu izlər dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə yeni geosiyasi reallıqlar yaradan Azərbaycanın yazmaqda davam etdiyi şanlı tarixinin bütün müasir səhifələrində də öz təsdiqini tapır. Əminik ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi bundan sonra da doğma Azərbaycanın yeni zirvələr fəth etməsi və əzəmətli qələbələr qazanması yoluna gur işıq saçacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq və onun ideyaları daim yaşayacaq”, – deyə o vurğulayıb.

MDU rektoru bildirib ki, dövlət başçımızın Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Bu əlamətdar hadisə görkəmli dövlət xadiminin əziz xatirəsini həmişə uca tutan qədirbilən xalqımız tərəfindən böyük razılıq və məmnunluqla qarşılanıb.

“Əsas missiyalarından biri Vətənə, dövlətə və xalqa layiqli mütəxəssislər yetişdirmək olan respublikamızın ali təhsil müəssisələrində, eləcə də Mingəçevir Dövlət Universitetində Ulu Öndərin şərəfli ömür yolunun və zəngin dövlətçilik irsinin öyrənilməsi, gənc nəsil arasında təbliği diqqət mərkəzində saxlanılır. Əminik ki, universitetimizdə, hər il olduğu kimi, 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində də Ümummilli Liderə həsr olunacaq müxtəlif silsiləvi tədbirlər tələbə gənclərin hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verəcək”, – deyə Ş.Bayramov əlavə edib.