2025-ci ilin 20 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalının ingilis dilində olan saytının (sdj.mdu.edu.az) təqdimatı keçirilib. Təqdimat tədbirində universitetin akademik-inzibati heyət üzvləri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov jurnalın yaranma məqsədini və elmi ictimaiyyət üçün vacibliyindən söhbət açaraq universitetin müəllimləri, tədqiqatçılar üçün öz elmi işlərini təqdim etmələri üçün tribuna rolunu oynadığını bildirib. “Dayanıqlı inkişaf” jurnalının elmi fəaliyyətdə multidisiplinarlığın yaradılması, keyfiyyətli məqalələrin yazılmasında, tədqiqatların aparılmasında faydalı olacağını diqqətə çatdıran rektor universitetin müəllim-tədqiqatçılarını yüksək səviyyəli məzmun təqdim etməyə və jurnalda aktiv iştirak etməyə çağırıb.
Sonra, universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev jurnalın elmi istiqaməti və strukturu barədə geniş məlumat verib. O qeyd edib ki, əsas məqsəd iqtisadiyyat, pedaqogika və mühəndislik sahələrində yüksək keyfiyyətli, orijinal elmi tədqiqatları dərc etməkdir. V.Mustafayev jurnalın Azərbaycan, Türkiyə, Rusiya və İngiltərədən olan alimlərlə geniş beynəlxalq əlaqələr qurduğunu, redaksiya heyətində bu ölkələrdən tanınmış elm adamlarının yer aldığını vurğulayıb.
Daha sonra, MDU-nun İnformasiya texnologiyaları mərkəzinin müdiri Elnur Xəlilov sdj.mdu.edu.az saytının funksionallığını təqdim edib. O bildirib ki, platforma intuitiv interfeysi ilə fərqlənir. Belə ki, məqalələr DOI (Digital Object Identifier) sisteminə inteqrasiyası edilir, müəlliflər sayt vasitəsilə məqalə təqdim edə, fayl yükləyə və əlavə resurslara giriş əldə edə bilərlər.
Sayt tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və “Dayanıqlı inkişaf” jurnalının fəaliyyətinə uğurlar diləyiblər.