Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ilin 6–8 dekabr tarixlərində keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı III Beynəlxalq Konfransın ikinci günü “Elmi tədqiqatlarda mükəmməlliyə nail olmaq: Yüksək impaktlı jurnallar üçün nəşr strategiyaları” mövzusunda xüsusi vörkşopla davam edib. Vörkşopun moderatoru Polşanın Vistula Universiteti professoru Şəhriyar Muxtarov olub.
Tədbirdə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrini təmsil edən yüksək h-indeksli alim və tədqiqatçılar – Yaşar Universiteti-dən professor Dilvin Taşkın, İstanbul Medipol Universiteti-dən professor Hasan Dinçer, Milli Müdafiə Universiteti-dən professor Muhammed Deveci, həmçinin Şimali Kiprdə yerləşən Lefke Avropa Universiteti-nin dosenti Mustafa Tevfik Kartal çıxış ediblər.
Məruzəçilər yüksək impakt faktorlu jurnallarda dərc olunma mexanizmləri, qlobal redaksiya tələbləri, metodoloji dəqiqlik, düzgün jurnal seçimi, sitat indekslərində görünürlüyün artırılması və akademik yazı üslubunun formalaşdırılması kimi mövzularda öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, vörkşop MDU-nun müəllim və magistrantları üçün beynəlxalq nəşr prosesinin ən vacib nüanslarını öyrənmək imkanı yaradıb və universitetdə elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilib.